ƏRDOĞANIN BAŞ DANIŞMANI İBAD HÜSEYNİ OFİSİNDƏ ZİYARƏT ETDİ
Bu gün təkcə Azərbaycanın deyil, həm də türk dünyasının tanınıb sevilən qəhrəmanlarından biri olan İbad Hüseyn özünün döyüş yoluyla hər kəsin yaddaşına həkk olunubdu. Onun göstərdiyi misilsiz qəhrəmanlıq, keçdiyi ağır və şərəfli döyüş yolu, Qarabağ qazisi kimi göstərdiyi şücaət millətimizin, türk dünyasının sevincini, qürurunu, inamını bir az da artırıb. Hər birimiz bu cür qəhrəmanlarla tanış olanda, onların həyat yolunu öyrənəndə işğal olunmuş torpaqlarımızın birmənalı şəkildə azad olunacağına inanırıq və bilirik ki, İbad Hüseyn də, bütün Qarabağ qaziləri də, eləcə də bütün Azərbaycan vətəndaşları Ali Baş Komandanın əmrini gözləyir. Bu əmrlə həm İbad, həm bütün qazilər, həm də xalqımız silaha sarılıb torpaqlarımızı azad etməyə hazır olduqlarını hər an ifadə ediblər və bu gün də ifadə edirlər. Məhz bu mövqe, bu qətiyyət qazilərimizi, xüsusilə İbad Hüseyni xalqımızın, eləcə də türk dünyasının gözündə daha da ucaldıb.
Bu günlərdə türk dünyasında sevilən, tanınan, adı əbədiləşdirilən İbad Hüseynin ofisinə çox dəyərli qonaqlar təşrif buyurmuşdu. Həmin qonaqlar arasında Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş danışmanı, keçmiş mədəniyyət naziri Yalçın Topçu və yardımçısı Kadir Başar da var idi. Onların bu ziyarətinin səbəbi qəhrəman İbadla həmsöhbət olmaq, onunla çay süfrəsi arxasında Türkiyə-Azərbaycan münasibətlərini bir millət, iki dövlətin bu gününü, sabahını, bütövlükdə durumunu müzakirə etmək idi. Çox maraqlı keçən bu görüş-söhbətdə digər qonaqlar millət vəkilləri Aqil Abbas və Rövşən Rzayev, şair-publisist Sabir Rüstəmxanlı, Prezident Administrasiyasının humanitar şöbəsinin müdiri Qafar Əliyev, tarixçi alim Cəbi Bəhramov, "Azərbaycan-Türk Qadınlar" İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı, həmçinin şairə-jurnalist Gülşən Behbud da iştirak edirdi. Maraqlı, səmimi və işgüzar şəraitdə keçən bu görüş zamanı hər kəs həm İbad haqqında, həm onun göstərdiyi qəhrəmanlıqlardan, həm də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən, eləcə də mövcud problemlərdən söz açdılar. Səslənən fikirlər arasında millət vəkili Aqil Abbas müəyyən təkliflər də dilə gətirdi və vurğuladı ki, bu gün hər iki ölkədə müəyyən mədəni və ictimai problemlər mövcuddu. Bu problemlər içərisində bəzi türk televiziya kanallarının tutduğu mövqe, yayımladıqları proqramların münasibətlərə kölgə salması xüsusi qabardıldı. Və millət vəkili bununla bağlı iradlarını dilə gətirdi.
Onu ziyarətə gələnlərə öz təşəkkürünü bildirən İbad Hüseyn həm ev sahibi kimi, həm də türk dünyasının qəhrəmanı kimi keçirdiyi hissləri ifadə etməklə bəyan etdi ki, o, vətən üçün bu gün də savaşmağa, bu gün də sıraya qayıtmağa hazırdı. Yeganə məqsədi, amalı işğal olunmuş torpaqlarımızın azad edilməsidi. İbad Hüseyn onu da əlavə etdi ki, böyük türk xalqının, onun rəhbərlərinin göstərdiyi diqqət, ehtiram bir vətəndaş kimi, bir vətən oğlu kimi onu qürurlandırır, onu şərəfləndirir və o buna görə Türkiyə Cümhuriyyətinin rəhbərliyinə, bütün türk xalqına öz minnətdarlığını bildirir. Bəli, İbad Hüseynin ofisində baş tutan bu görüş bir daha göstərdi ki, bir millət, iki dövlət öz sevincini də, kədərini də bölüşməyi bacarır, öz qəhrəmanını da uca tutur.