Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatı və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və qarşıdan gələn "Yeni il” bayramı münasibətilə Azərbaycan Turizm və Menecment Universitetində tədbir keçirilib.
Bayram tədbirində ATMU-nun rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dosent Eldar Aslanov çışıx edərək Universitetin müəllim heyətini və tələbələri Həmrəylik Günü münasibətilə təbrik edib, bu bayramın Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. E.Aslanov vurğulayıb ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
"Bayram çələngi” konsert proqramı ilə başa çatan tədbirdə Universitetin tələbələri arasında keçirilmiş dama və şahmat yarışlarının qalibləri hədiyyələr və diplomlar ilə təltif olunublar.
AzerTaym.az