Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Biləsuvar rayonunda bu rayonun və Neftçala, Cəlilabad, Salyan, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşların əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya vasitələri ilə təminatı, məşğulluq, bərpa müalicəsinə köməklik göstərilməsi, əmək pensiyası və digər sosial təminat növlərinə hüququn müəyyən olunması və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər obyektiv şəkildə araşdırılıb, ayrı-ayrı müraciətlərlə bağlı hüquqi izahatlar verilib. Qəbul zamanı S.Müslümov vurğulayıb ki, dünya iqtisadiyyatında çətinliklərin yaşandığı ötən ildə olduğu kimi, cari ildə də Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti addımlar atılacaq.
İmtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatına dair müraciətlərini cavablandıran S.Müslümov bu sahədə işlərin davam etdirildiyini diqqətə çatdırıb: "Son iki ildə Biləsuvar, Neftçala, Cəlilabad, Salyan rayonlarında 40-a yaxın fərdi yaşayış evi tikilərək Qarabağ müharibəsi və şəhid ailələrinə verilib. Həmin rayonlar üzrə daha 20-dək evin tikilməsi nəzərdə tutulub ki, onlardan bir çoxu artıq inşa edilir”.
Nazirliyin struktur bölmələrinin və qeyd olunan rayonlar üzrə qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda müraciətlərinə əsasən, bir sıra vətəndaşların məşğulluğunun təmin olunması üçün konkret tədbirlər görülüb.
Onlara müvafiq ərazi üzrə boş (vakant) iş yerləri təqdim edilib, seçdikləri və əmək bacarıqları uyğun gələn iş yerlərinə göndərişlər verilib. S.Müslümov son bir ildə Biləsuvar, Neftçala, Cəlilabad, Salyan, Cəbrayıl rayonları üzrə 3 min nəfərədək şəxsin nazirliyin məşğulluq orqanları vasitəsilə işlə təmin edildiklərini bildirib:
Eyni zamanda bu rayonlar üzrə 102 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramı üzrə təlimlərə cəlb edilib. Qiymətləndirmə prosesində onlardan 84 nəfərin biznes-planları uğurlu hesab edilib və həmin şəxslərin ailə bizneslərinin mal və materiallar formasında dəstəklənməsi təmin olunacaq .
Qəbul zamanı müraciətinə əsasən bir nəfərə əlil arabası təqdim edilib, ayrı-ayrı vətəndaşların ehtiyaclarına uyğun olaraq müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları, nazirliyin aidiyyəti müəssisələrində bərpa müalicəsinə, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri və s. barədə tapşırıqlar verilib.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
AzerTaym.az