"Ev də olacaq, maşın da..." -Nazir Masallıda söz verdi
Virtualaz.org nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, qəbul zamanı müraciətlər əsasən mənzillə təmin olunma, dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilmə ilə bağlı olub. Müraciətlərin bir qismi isə məşğulluğun təminatı, bərpa müalicəsinə köməklik, zərərə görə ödəncin verilməsi ilə bağlı əmək hüququnun müdafiəsi, əlillik dərəcəsinin artırılması və s. məsələlərə aid olub. Habelə ayrı-ayrı müraciətlərdə sosial cəhətdən həssas qruplardan olan insanların sosial müdafiəsinin gücləndirilməsi üçün görülən işlərə görə dövlət başçısına minnətdarlıq ifadə olunub.
S.Müslümov müraciətlərdə qaldırılan məsələlərin obyektiv və ədalətli şəkildə araşdırılaraq cavablandırılması və müvafiq tədbirlər görülməsi barədə nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib. Ayrı-ayrı vətəndaşların məşğulluğunun təminatına yerindəcə köməkliklər göstərilib, 1 nəfər yerindəcə əlil arabası ilə təmin olunub. Habelə nazir tərəfindən bir sıra şəxslərin bərpa-müalicəsinə cəlb edilməsi, müvafiq reabilitasiya vasitələri ilə təmin olunması ilə bağlı göstərişlər verilib.
Nazir 2015-ci il ərzində də bütün sosial proqramların uğurla davam etdiriləcəyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn heç bir proqramın təxirə salınmayacağını, hazırda ölkədə bütün sosial ödənişlərin gecikdirilmədən, vaxtlı-vaxtında həyata keçirildiyini vurğulayıb: “Cənab Prezidentin birbaşa qayğısı növbədə olan müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərini sürətləndirməyə imkan verib. İndi ölkənin digər bölgələrində olduğu kimi, bu qəbulda sakinlərini qəbul etdiyimiz rayonlarda da müharibə əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işləri aparılır. Məsələn, onlar üçün Masallı rayonunda artıq 6 ədəd fərdi ev tikilir. Yaxın günlərdə Lənkəranda 9 ədəd, Lerikdə 10 ədəd, Astarada 6 ədəd, Yardımlıda 2 ədəd fərdi evin də tikintisinə başlanacaq”.
S.Müslümov həmçinin dövlət büdcəsi hesabına minik avtomobili almaq üçün növbəyə dayanmaq istəyən müharibə əlillərinin bunun üçün tibbi göstərişlərinin olub-olmamasının araşdırılmasını tapşırıb: “Müharibə əlillərinin minik avtomobili ilə təminatının sürətlənməsi, təbii ki, bunun üçün növbəyə dayanmaq istəyənlərin sayını artırıb. Lakin bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsinə ciddi nəzarət olunur. Belə ki, ötən il bu məqsədlə müraciət edənlərin sayı 3460 nəfər olub. Onlardan yalnız 20,8 faizinin minik avtomobilinə tibbi göstərişinin olduğu müəyyən edilib və növbəyə götürülüblər. Tibbi göstərişin hansı hallarda verilməsi nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Avtomobillərlə təminat” alt-bölümündə təqdim olunur”.
Qəbulda nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər edilib və onlar müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarından qəbula yazılmış vətəndaşların xüsusi ayrılmış nəqliyyatla Masallı rayonuna aparılıb gətirilmələri təmin olunub.