Bakı Apellyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan həbs qəti imkan tədbirinin artırılması ilə bağlı Qaradağ Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb
AzerTaym.az xəbər verir ki, bu barədə Trend-ə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib.
Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsda da, təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, Ə.İnsanov barəsində 3 aylıq həbs qəti imkan tədbiri oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə seçilib. Yanvarın 11-də prokurorluğun təqdimatı ilə Qaradağ Rayon Məhkəməsi Ə. İnsanov barədə həbs qəti imkan tədbirinin daha 2 ay uzadılması barədə qərar çıxarıb. Qərarla razılaşmayan Ə. İnsanov apellyasiya şikayəti vermişdi.
Qeyd edək ki, avqustun 24-də həbsdə olan sabiq səhiyyə naziri Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib