6 vəzifəli şəxs korpusiya cinayəti başında YAXALANIB

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.

Modern.az xəbər verir ki,  tədbiri giriş sözü ilə açan Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, 2016-cı il ərzində Baş İdarə tərəfindən vətəndaşların 9360 müraciətinə baxılıb, həmçinin 251 cinayət xarakterli material araşdırılıb. O qeyd edib ki, araşdırılmış materialların 159-u (63,3%) üzrə cinayət işləri başlanıb, digər müraciətlər üzrə isə müvafiq prokuror təsir aktları tətbiq edilməklə inzibati və intizam tədbirləri görülüb.

Hesabat dövründə Baş İdarənin “161 - Qaynar xətt” əlaqə mərkəzinə 5492 müraciət daxil olmuş, həmin müraciətlərin 23-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilib.

Qeyd edilib ki, 2015-ci illə müqayisədə daxil olmuş müraciətlərin sayında 1700 vahiddən çox azalmanın müşahidə olunması “Asan Xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi ilə bilavasitə bağlı olub.

2016-cı il ərzində keçirilmiş 6 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında yaxalanıb, habelə Baş İdarənin əməliyyat qurumları tərəfindən aparılan araşdırmalar üzrə fakta görə 32 cinayət işi başlanıb.

Baş İdarənin əməliyyat qurumları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 24 şəxs tutulub.

Hesabat dövründə Baş İdarə tərəfindən 480 cinayət işinin ibtidai istintaqı aparılıb. Onlardan dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyati məhkəmələrə göndərilib. Hazırda Baş İdarənin İstintaq idarəsinin icraatında 116 cinayət işi üzrə istintaq davam etdirilir.

Həmin cinayət işlərindən 110 şəxs barəsində 62 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, 61 şəxs barəsində 56 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 34 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 52 şəxs barəsində 10 iş rüşvət alma, 17 şəxs barəsində 14 iş rüşvət vermə, 3 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş səhlənkarlıq, 35 şəxs barəsində 31 iş isə digər faktlarla bağlı olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 202 milyon 629 manat məbləğində ziyanın 33 milyon 249 manat və ya 16,6 %-nin ödənilməsi təmin edilmiş, qalan ziyanın ödənilməsi məqsədilə 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Hesabat dövründə Baş İdarədə 2241 vətəndaş qəbul edilib.

2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə müvafiq qurumlara 88 təqdimat verilib, habelə digər prokuror təsir aktlarından istifadə edilməklə 12 inzibati icraat açılıb, 11 şəxsə qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıq edilib.

Tədbirdə iştirak edən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov bildirib ki, 2016-cı il Azərbaycan üçün geniş miqyaslı islahatlar ili olub. 
K.Cəfərov əldə edilmiş nailiyyətlərin Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud güclü siyasi iradə ilə bağlı olduğunu, eyni zamanda korrupsiyaya qarşı mübarizəyə dair Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təsdiq edilmiş dövlət proqramları və onların effektiv icrası, eyni zamanda dövlət başçısının təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti, bu sahədə hüquq mühafizə orqanlarının səmərəli işi, beynəlxalq standartlara cavab verən qanunvericilik və beynəlxalq təşəbbüslərdə aktiv iştirakı ilə bağlı olduğunu xüsusi vurğulayıb.

 






Fikirlər