Deputat pensiya yaşının artırılmasını İSTƏMİR
Son günlər Azərbaycanda pensiya yaşının artırılacağı barədə xəbərlər gündəmin əsas mövzularından birinə çevirilib. Məlumata görə, hökumət pensiya yaşını qadınlar üçün 60-dan 63-ə, kişilər üçün 63-dən 65-ə qaldırmağı nəzərdə tutur. Bununla bağlı əmək pensiyasına görə yaş həddinin artırılması, pensiya sistemi ilə bağlı digər düzəlişləri özündə əks etdirən “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisə daxil olduğu, sənədin 2017-ci il yaz sessiyasında müzakirəyə çıxarılmasının planlaşdırıldığı bildirilir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə Modern.az-a açıqlamasında deyib ki, şəxsən o, belə bir qanun layihəsinin parlamentə daxil olmasından xəbərsizdir. “Mən də sizin kimi bunu eşitmişəm. Amma yaş həddinin artırılması ilə bağlı hələ ki heç nə yoxdur. Əgər belə bir qanun layihəsi Milli Məclisə daxil olsa, mən onun əleyhinə olacam. Çünki insanlar həyatlarını planlaşdırırlar. Adam var ki, deyir mən gələn il təqaüdə çıxacam. İkinci bir işə düzələcəm ki, gəlirim də biraz artsın. İnsanların ümidlərini qırmaq olmaz”. Xatırladaq ki, hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır.