“Jirnovskinin səsləndirdiyi fikirlər utopiyadan başqa bir şey DEYİL”
Vahid Əhmədov: “Ulu öndərin söylədiyi kimi: müstəqilliyimiz əbədi və dönməzdir!”
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bu günlərdə yenidən şovinist xarakterli açıqlama ilə çıxış edib. Postsovet ölkələrinin guya Rusiya ətrafında birləşməkdə maraqlı olduğunu bildirən Jirnovski, sonrakı prosesləri bu cür şərh edir:
“Qarabağı onlar heç zaman həll edən deyillər. Azərbaycan və Ermənistan arasında həmişə müharibə olacaq. Amma biz oranı götürəndən sonra orada nə Qarabağ, nə də Azərbaycan olacaq: Yerevan və Bakı quberniyaları. Çarın vaxtındakı kimi. Təhlükəsizlik var, həyat səviyyəsinin yaxşılaşması var, perspektiv var. Mədəniyyət də yaradın. Hər şeyi rus dilinə çevirəcəklər. Hamı öz yazıçılarını və qalan şeyləri unudacaq”.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov Jirnovskinin səsləndirdiyi fikirlərin cəfəngiyyatdan başqa bir şey olmadığını vurğulayıb:
“Jirnovskinin səsləndirdiyi fikirlər utopiyadan başqa bir şey deyil. SSRİ-nin dağılması ilə bağlı bütün respublikalarda çoxsaylı mitinqlər gedib. Insanlar bunun üçün canlarınmı qurban verib. Azərbaycanda 20 Yanvar olayı kimi qəhrəmanlıq hadisəsi baş verib. Bunların hamısı müstəqillik, istiqlal uğrunda atılan addımlar olub. Azərbvaycanda SSRİ-nin tərkibindən çıxmaqla bağlı referendum keçirilib. Indi Azərbaycan müstəqil dövlət kimi uğurla inkişaf edir. Ulu öndər Heydər Əliyevin dönəmində onun bütün çıxışlarında Azərbaycanın müstəqiliyi, bu müstəqilliyin əbədi və dönməz olması ilə bağlı fikirlər əsas yer tuturdu. Bu gün prezident İlham Əliyevin də çıxışlarında bu müddəa – ölkəmizin müstəqilliyinin əbədi və sarsılmaz olması fikri əsas yer tutur. Ölkə başçısının səyləri nəticəsində Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılır, böyük layihələr həyata keçirilir. Erməni işğalı altındakı torpaqlarımızın azad edilməsi, Azərbaycanın suverenliyinin bərpa edilməsi istiqamətində də həm diplomatik, həm də ordu quruculuğu istiqamətində mühüm işlər görülür. Hansı ki, ötən ilin aprel döyüşləri Azərbaycan ordusunda həyata keçirilən quruculuğun, inkişaf səviyyəsinin hansı miqyasda olduğunu əyani şəkildə ortaya qoydu. Bu hadisə sübut etdi ki, yerli və beynəlxalq ekspertlərin də iddia etdiyi kimi, Azərbaycan işğqaldakı torpaqlarını hərbi yolla qısa zamanda azad etməyə qadirdir.
Bu gün bütün Azərbaycan xalqı əmindir ki, ermənilərin və onların himayədarlarının bütün ciddi-cəhdinə baxmayaraq, ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Qarabağı azad edəcək və öz suverenliyini təmin edəcəkdir.
Belə bir tarixi inkişaf yolu və perspektiv fonunda Jirnovskinin SSRİ-nin bərpası ilə bağlı dediyi fikirlər olduqca miskin və gülünc səslənir. Və düşünürəm ki, hər kəs bu açıqlamadakı miskinliyin, xəyaliyin, mümkünsüzlüyün fərqindədir”.AzerTaym.az