Azərbaycan-Almaniya münasibətləri YENİ mərhələdə

Bu il iyun ayının 7-də ölkəmizin başçısı İlham Əliyev növbəti dəfə Almaniyaya işgüzar səfər etdi.

Səfər zamanı Almaniyanın dövlət və hökumət rəhbərləri ilə görüşdü, qlobal məsələlər müzakirə olundu.  Prezident İlham Əliyevin qısa müddətdə Almaniyaya iki səfəri Azərbaycan-Almaniya münasibətlərini möhkəmləndirməklə, qitə dövlətləri ilə qarşılıqlı əməkdaşlıq üçün yeni istiqamətləri də müəyyənləşdirdi.   Dövlətimizin başçısının  vurğuladığı  kimi, Azərbaycan -Almaniya münasibətləri, hər iki tərəfin səyi nəticəsində yaranan  siyasi-iqtisadi əməkdaşlıq müsbət istiqamətdə inkişaf edir.

Milli Məclisin komitə sədri Eldar İbrahimov “İki sahil” qəzetinə açıqlamasında dövlət başçısının Almaniyaya səfərini yüksək qiymətləndirdi: “Prezident İlham Əliyevlə görüşündən məmnunluğunu ifadə edən Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel mətbuat konfransında ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində, TANAP, TAP kimi nəhəng layihələrin həyata keçirilməsində, “Şərq Tərəfdaşlığı” Proqramındakı rolunu  yüksək qiymətləndirərək bildirdi ki, Almaniya şirkətləri infrastruktur layihələrinin icrasında  maraqlıdır. “Azərbaycanın iqtisadiyyatı  dinamik şəkildə  inkişaf edir,  buna görə də bu ölkə bizim üçün əhəmiyyəti artan tərəfdaşdır” söyləyən A.Merkelin  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  mövqeyini birmənalı ifadə etməsi, məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirməsi qarşılıqlı əməkdaşlığın daha bir nümunəsi  oldu”.

Milli Məclisin deputatı Musa Quliyev də qəzetimizə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya səfərinin nəticələrini yüksək qiymətləndirərək bildirdi: “Etiraf etmək lazımdır ki, Almaniya hər zaman Azərbaycana dəstək nümayiş etdirib. Ümid edirəm ki, Azərbaycan-Almaniya əlaqələri bu səfərdən sonra daha da güclənəcəkdir. Biznes Forumun Almaniyada keçirilməsi və azərbaycanlı iş adamlarının həmin forumda təmsil olunması, cənab Prezidentin alman iş adamlarını Azərbaycana dəvət etməsi, onlara əlverişli biznes mühitinin yaradılması barədə söylədiyi fikirlər də alman keyfiyyətinin, alman texnologiyasının ölkəmizə gəlməsinə səbəb olacaqdır. Ən mühüm məqamlardan biri də ölkə başçısının Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlər oldu. Eyni zamanda dövlətimizin başçısının alman ictimaiyyətinin diqqətini bu məsələyə çəkməsini də yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu səfər Azərbaycan-Almaniya münasibətlərini yeni müstəviyə qaldıracaq. Azərbaycanın gündən-günə alman cəmiyyətində daha dolğun tanınmasına xidmət edəcək. Bu səfərin uğurlu nəticələri eyni zamanda  Azərbaycan mədəniyyətinin, mətbəxinin, məhsullarının Almaniyada tanınmasına, ölkələrimiz arasında siyasi-hüquqi müstəvidə əlaqələrin daha da sıxlaşdırılmasına təkan verəcək”.






Fikirlər