Azərbaycanlıların Gürcüstana axını baş VERƏCƏK
Gürcüstan pasportu olan şəxslər Avropaya çıxış üçün heç bir problemlə üzləşməyəcəklər. AzerTaym.az "sputnik"ə istinadla xəbər verir ki, bunu Gürcüstan parlamentinin Marneuli rayonundan olan deputatı Gürcüstan və Avropa arasında vizasız rejimin tətbiqini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlılar ölkənin tamhüquqlu vətəndaşlarıdır: “Biz Gürcüstan vətəndaşıyıq. Gürcüstan ilə sevincini və kədərini bölürük, ölkənin bütün qanunlarına riayət edirik, heç bir problem yaratmırıq”.
Süleymanov qeyd edib ki, ölkədə gənclər ingilis dilində təhsil alır, onların arasında bilikləri Avropa standartlarına müvafiq olan mütəxəssislər var. “Miqrasiya məsələsinə gəldikdə isə anlamaq lazımdır ki, Avropa hamını əllərini açaraq gözləmir, onların da öz meyarları var. İstənilən vaxt viza rejimini bərpa edə bilərlər”.
Süleymanov həmçinin bildirib ki, Gürcüstan ikili vətəndaşlığı tanımır, ona görə də Azərbaycanda yaşayan, amma nə vaxt isə Gürcüstan vətəndaşı olanların müəyyən problemləri olacaq:
“Əgər onlar nə vaxt isə gürcü vətəndaşlığından imtina ediblərsə, o zaman qayıtma prosesi bir qədər uzanacaq. Gürcüstan ikili vətəndaşlığı tanımır, bu yalnız prezidentin xüsusi sərəncamı ilə mümkün olacaq”, - deputat qeyd edib. Bununla yanaşı əlavə edib ki, Azərbaycanda yaşayan Gürcüstan vətəndaşları Avropaya sərbəst gedə biləcəklər.
“Doğrudur, Gürcüstanda yaşayan azərbaycanlıların problemləri mövcuddur. Mən bu haqda hər zaman danışmışam. Bizim ən böyük problemimiz ondan ibarətdir ki, biz Gürcüstanda yaşayırıq, amma vətənimizin dilini bilmirik, inteqrasiya edə bilməmişik”, - bunu öz növbəsində Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev “Sputnik-Azərbaycan”a bildirib.
Onun fikrincə, Avropaya xarici dil bilənlər gedəcək. İnsanlar ora oxumağa, işləməyə, yaxud da turist kimi gedəcəklər. Əli Babayev həmçinin qeyd edib ki, Gürcüstandan olan bir çox iş adamları Azərbaycanda yaşayır.
“Əlbəttə, onların bir hissəsi geri qayıtmaq istəyəcək. Amma Gürcüstan prezidentinin Avropa, NATO ilə münasibətlərində problemləri də nəzərə almaq lazımdır. Biz böyük dəyişikliklər gözləyirik. Necə deyərlər, yaşayarıq görərik”.