YARIM milyon azərbaycanlının TALEYİ sual altında

Gürcüstanın Azərbaycan qazına alternativ variantlar axtarması, İranla qaz sövdələşmələrinə başlaması, həmçinin iki ölkə arasında viza rejiminin aradan qaldırılması Bakı-Tbilisi münasibətlərinin gələcəyi və orada yaşayan 600 mindən çox soydaşımızın aqibəti barədə ciddi suallar meydana çıxarırGürcüstanın İranla viza rejimini aradan qaldırması, Tehranı investisiya qoymağa dəvət etməsi və təbii qazla bağlı danışıqlara başlaması Azərbaycanda xeyli suallar doğurub. Çünki Gürcüstan rəsmilərinin Azərbaycanda Gürcüstanı təmin edəcək qədər qazın olmadığını bəhanə edərək (halbuku, prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanda nəinki Gürcüstanı, bütün Avropanı təmin edəcək qədər qaz var), İranda qaz axtarışlarına çıxması birmənalı qarşılanmır.


Eyni zamanda, Azərbaycanda belə bir rəy var ki, Gürcüstan rəhbərliyinin yeritdiyi hazırkı siyasət orada yaşayan azərbaycanlıların siyasi və sosial vəziyyətini yenidən ağışlaşdıracaq. Sputnik-in əməkdaşı bu məsələlərə aydınlıq gətirmək üçün Gürcüstan parlamentinin həm müxalifətdən, həm də iqtidardan olan iki azərbaycanlı deputatı ilə danışıb.


Sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində təmsil olunan deputatı Azər Süleymanov rəsmi Tbilisinin son addımlarını belə şərh edib: "Gürcüstanın siyasi hakimiyyəti gördü ki, vizanın olması turist axınına mane olur. Çünki Gürcüstana ən çox turist İrandan gəlir. Həm də ABŞ və Avropa dövlətləri İrana qarşı sanksiyaları aradan qaldırdı və Gürcüstan bu ölkə ilə münasibətlər qurmağa başladı. Son 3-4 gündə Gürcüstana İrandan güclü turist axını olub. Gürcüstandakı hazırkı çətin sosial-iqtisadi vəziyyətlə əlaqədar olaraq, ölkəyə gəlir gətirən insanların cəlb olunması üçün qərara gəliblər ki, vizanı yığışdırsınlar".

"Bilmirlər ki, Azərbaycanla aranı necə pozsunlar"


Qaz məsələsinə gəlincə, A.Süleymanov düşünür ki, bu, hazırkı Gürcüstan hakimiyyətinin Azərbaycana qarşı apardığı siyasəti ifadə edir: "Bu gün Gürcüstanda ermənipərəst məmurlar var. Onlar daha çox ermənilərə və Ermənistana yaxındırlar, nəinki Azərbaycana və Gürcüstana. Bildiyiniz kimi, "Qazprom"un şəriklərindən biri — Bidzina İvanişvili bu gün Gürcüstanın qeyri-rəsmi rəhbəridir. Bu günlərdə Gürcüstanın baş nazirinin müavini, energetika naziri İranda idi, qazla bağlı danışıqlar aparırdılar. Onlar gah İranla, gah da Rusiya ilə qaz məsələsində danışıqlar aparırlar. Başlarını itiriblər, bilmirlər ki, Azərbaycanla aranı necə pozsunlar".

Yarım milyon azərbaycanlının taleyi sual altında



Azər Süleymanov, Gürcüstan parlamentinin deputatı
Onun sözlərinə görə, hələ də Gürcüstan ictimaiyyətinin gedən proseslərdən xəbəri yoxdur: "Danışıqlar hamısı gizli aparılır. Cənab prezident İlham Əliyev Gürcüstanda səfərdə olanda açıq şəkildə dedi ki, Azərbaycanın qazı 100 il ərzində nəinki Gürcüstana, bütün Avropaya bəs edər. Amma Gürcüstanın baş naziri çıxış edib deyir ki, "Azərbaycandan lazımi qədər qaz ala bilmirik". İndi iki tərəfin hərəsinin başqa-başqa fikirləri var".

Deputatın dediyinə görə, bu məsələlərin doğrusunu 3-4 nəfərdən başqa, nə Azərbaycanda, nə də Gürcüstanda heç kəs bilmir: "Təəssüflər olsun ki, bu, hazırda Gürcüstanın apardığı siyasətin mahiyyətini ifadə edir".

"Gürcüstanda o qədər qaz yoxdur, bu, uydurmadır"


Bu günlərdə Gürcüstanda nəhəng qaz yataqlarının tapıldığı barədə söhbətlərə gəlincə, A.Süleymanov deyib ki, burada yalanın payı həqiqət payından çoxdur: "Qaz yataqları var, amma söhbət bunun həcmindən gedir. Ortada dəqiq heç nə yoxdur. Güclü araşdırmalar aparmaq lazımdır. Gürcüstanın həm baş nazirinin müavini, həm də energetika naziri çıxış edib dedi ki, bu, uydurmadır. Gürcüstanda o qədər qaz yatağı yoxdur. Necə oldu ki, indiyə qədər Azərbaycanda, Türkmənistanda olmayan qədər qaz Gürcüstanda tapıldı? Əgər varsa, niyə indiyə qədər onunla bağlı bir tədbir görməyiblər? Tutaq ki, o qaz var, amma onu üzə çıxarmaq üçün milyardlarla vəsait lazımdır, texnologiyaların, qurğuların alınmasına, quraşdırılmasına, boruların çəkilməsinə və s. O yataqlar boş da çıxa bilər".

"Saakaşvilinin vaxtında vəzifə tutan bütün azərbaycanlılara qarşı cinayət işi açılıb"

A.Süleymanov baş verənlərin fonunda Gürcüstanda yaşayan azərbaycanlıların siyasi, sosial-iqtisadi vəziyyətinin necə olmasına da aydınlıq gəirib. O, deyib ki, Saakaşvili hakimiyyətdən gedəndən və "Gürcü arzusu" hakimiyyətə gələndən sonra, nəinki azərbaycanlıların, elə gürcülərin özünün də həm siyasi, həm də sosial-iqtisadi vəziyyətində çətinliklər yaranıb.

Qeyd edib ki, buna baxmayaraq, Gürcüstanda yaşayan azərbaycanlılar elə də aciz deyillər ki, öz hüquqlarını müdafiə edə bilməsinlər: "İndi ümumiyyətlə Gürcüstanda vəziyyət dəyişib, hamı üçün yaşamaq çətindir, nəinki azərbaycanlılar üçün, elə gürcülər üçün də, burada yaşayan başqa millətlər üçün də. Biz hamımız Gürcüstan vətəndaşıyıq, bu ölkənin bir parçasıyıq və ümumi vəziyyət bizim hər birimizə təsirsiz ötüşmür. İqtisadi vəziyyət pisdir, milli valyutanın dollara qarşı ucuzlaşması qiymətlərin artmasına səbəb olub. Vətəndaşların həm siyasi, həm də iqtisadi durumu günü-gündən pisləşməyə doğru gedir".

"Azərbaycanlıların əlbəttə ki, iqtisadi çətinlikləri var, dolanışıq, dil, təhsil problemləri mövcuddur. Burada iş tapmaqda çətinlik çəkirlər, Rusiyaya, Türkiyəyə gedirlər, orada kimyəvi zavodlarda çalışırlar, çox vaxt da geri qayıtmırlar. Siyasi problemlərə gəlincə, il yarım əvvəl keçmiş baş nazir İrakli Qaribaşvili ermənini Samtsxe-Cavaxetiyaya icra başçısı təyin elədi. Amma Saakaşvilinin vaxtında vəzifə tutan bütün azərbaycanlılara qarşı cinayət işi açılıb, heç kəs səsini çıxarmadı", —deyə azərbaycanlı deputat vurğulayıb.

"Gürcüstan dövlətinin rəhbərinin Azərbaycan dövlətinə verdiyi qiymət budur"

Azərbaycanın Gürcüstana etdiyi güzəştlərin, yardımların qarşılığında Gürcüstan hökumətinin Azərbaycanla əməkdaşlıqdan imtina edib İrana qucaq açmasını siyasi oyun hesab edən A.Süleymanov, rəsmi Tbilisinin İrandan qaz almasının real görünmədiyini dilə gətirib: "Çünki borular yoxdur. Bir boru kəməri var, onunla da Rusiya Gürcüstandan keçməklə Ermənistana qaz ötürür. İranın qazı Gürcüstana necə gələcək, Ermənistandan keçəcək? Bu sual hələ də qaranlıqdır. İkincisi, Ermənistandan keçməklə Gürcüstana qaz ötürən kəmərin özü çəkilməlidir. Bunu necə təsəvvür edirsiz? Bütün bunlar qazın qiyməti ilə bağlı baş verən siyasi oyunlardır. Hələ ötən gün təmsil olunduğum partiyanın iclasında gürcülər Azərbaycanın, Gəncənin qazını kəsərək ən çətin vaxtlarda Gürcüstanı donmağa qoymadığını xatırlayıblar. Deməli, bugünkü Gürcüstan dövlətinin rəhbərinin Azərbaycan dövlətinə verdiyi qiymət budur".

A. Süleymanov seçiciləri adından bəyan edib ki, bütün gürcü xalqı Azərbaycanın yanındadır: "Onlar İranın qazını Gürcüstanda görmək istəmirlər. Bu gün Gürcüstan Azərbaycandan ən sərfəli qiymətə qaz alır. 180 dollara satılan qazdan imtina edib 220 dollara qaz almağın iqtisadi cəhətdən səmərəli ola biləcəyini düşünmək mümkün deyil. Heç kəs də başa düşə bilmir ki, bu siyasətin arxasında nə durur. Gürcüstan bu hərəkətləri ilə ya Azərbaycanı sıxıb qazın qiymətlərini aşağı salmaq istəyir, ya da Azərbaycana qarşı diskriminasiya siyasəti yeritməyə çalışır".

"İndi İran investisiyası Gürcüstana lazımdır"

Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının idarə heyətinin üzvü, Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Əli Babayev də Sputnik-ə açıqlamasında İranla viza rejiminin ləğvini Gürcüstanın iqtisadi vəziyyətinin pisləşməsi, larinin devalvasiyası ilə əlaqələndirib. O deyib ki, belə şəraitdə ölkəyə İrandan çox böyük investisiyanın gəlməsi vacibdir.

Yarım milyon azərbaycanlının taleyi sual altında



"İranın da marağı var ki, Gürcüstana öz investisiyasını qoysun. Qərb ölkələrinin İrana qarşı sanksiyaları götürməsi imkan yaradıb ki, Gürcüstan da İranla münasibətləri qursun. İndi İran investisiyası Gürcüstana lazımdır. Amma kim desə ki, bu, Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirəcək, inanmayın. Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə 750 milyon dollar investisiya qoyub", —deyə deputat bildirib.

Onun sözlərinə görə, həmin dəmir yolu işə düşənə qədər də daha 150 milyon dollar qoyacaq: "Ona görə də, bu iki ölkə arasındakı strateji dostluq münasibətləri davam edəcək. Azərbaycana Gürcüstan, Gürcüstana da Azərbaycan lazımdır".

Qazla bağlı Gürcüstanın mövqeyinə gəlincə, Ə.Babayev deyib ki, burada yanlış anlaşılma var: "Mən Gürcüstan Azərbaycanlıları Konqresinin sədriyəm və özüm də gürcüdilliyəm. Gürcüstan KİV-ini yaxından izləyirəm. Prezident Gürcüstan televiziyası ilə çıxışında dedi ki, Azərbaycanla bizim aramızda həll olunmayası heç bir problem yoxdur. Eləcə də baş nazir, xarici işlər naziri bu fikirləri səsləndiriblər. Gürcüstanın yeni baş naziri həm Davosda, həm də təzəlikcə, Münhendə Azərbaycan Prezidenti ilə görüşüb. Heç kəs öz çıxışında deməyib ki, iki ölkə arasında problem var".

Cənubi Qafqazda rəqabət: Tiflis Bakıdan asılılığını azalda biləcəkmi?


Gürcüstan azərbaycanlılarının hazırkı vəziyyətinə gəlincə, deputat indi vəziyyətin Saakaşvili dövrü ilə müqayisədə daha yaxşı olduğu qənaətindədir: "Saakaşvilinin 9 illik terrorundan sonra Gürcüstan azərbaycanlılarına münasibət yaxşıya doğru dəyişib. Burada Kaspi rayonunda Ferma kəndi var, onun ətrafında da 6 azərbaycanlı kəndi. Hamısı da gürcüdillidir, işlə məşğuldur. Saakaşvilinin vaxtında onlara qarşı biznes terroru var idi. Azərbaycanlıların bizneslərini əllərindən alırdılar, hüquqları tapdalanırdı, işlə təmin olunması çətin idi. Amma indi hamı dolanır, hamı öz təsərrüfatı ilə məşğuldur, fermer təsərrüfatları işləyir. Problem isə demək olar ki, 23 ilin problemidir".

"Azərbaycan məktəbləri çox pis gündədir. Çünki kadr problemi var. Azərbaycanlı kadrlar lazımdır. Burada Azərbaycan dili inkişaf etdirilməlidir, ancaq dövlət dili gürcü dili olduğu üçün gərək azərbaycanlılar da bu dili öyrənsinlər. Mədəniyyətlə bağlı problemlər var ki, bu da həll olunasıdır. Bu günlərdə Azərbaycanın xarici işlər naziri Gürcüstana gələcək. Mövcud problemləri danışıb həll edəcəklər", —deyə GAK sədri vurğulayıb.

Ə. Babayev iki ölkənin arasını vuranların olduğunu da deyib: "Necə ki, Azərbaycandakı gürcülərə yaxşı münasibət var, eləcə də Gürcüstandakı azərbaycanlılara normal münasibət var. Meşə çaqqalsız olmaz. O tərəfdə də, bu tərəfdə də aranı qarışdıranlar, müxalifətçilər var. Onlar öz imiclərini qaldırmaq üçün milli şovinistlər kimi davranırlar. Amma bizim millətlər bu dövrü keçiblər. İndi bu proseslər bizi qorxutmur. Biz demokratik yolu seçmişik və bu yolla da gedirik. Bir-iki aydan sonra biz Avropaya vizasız gedib-gələcəyik. Gürcüstanın Avropaya, NATO-ya inteqrasiya istiqamətində addımlar atılır. Bu gün Gürcüstanda gedən proseslər perspektivlidir. Azərbaycanda, Türkiyədə, Rusiyada, digər qonşu ölkələrdə olduğu kimi, Gürcüstanda da dollarla bağlı problemlər var. Ona görə də camaat xarici ölkələrə gedib işləyir, ordan pul yollayır. Biz bununla ruhdan düşmürük. Biz burada öz dilimiz, dinimiz, mədəniyyətimiz, hakimiyyətə inteqrasiyamız, bir sözlə, hər bir işimizlə öndəyik və öndə də olacağıq".






Fikirlər