“Nəqliyyatla rabitə nazirliyinin nə əlaqəsi?” - Günün SUALIna ekspertdən CAVAB

Xəbər verdiyimiz kimi dünən prezident İlham Əliyevin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında imzaladığı sərəncamla Azərbaycanda 2 nazirlik birləşdirilib.

Sərəncama uyğun olaraq Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

BakiPost.az xəbər verir ki, Nəqliyyat Nazirliyinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birləşdirilərək vahid bir nazirlik olmasından sonra bir çox suallar ortaya çıxıb. Hər kəsi daha çox "niyə məhz bu iki nazirlik”, "bunların nə əlaqəsi var” kimi suallar düşündürür.

 Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bu sualların cavablarının çox sadə olduğunu bildirib. Ekspert iki nazirliyin birləşdirilməsini ayrı-ayrılıqda belə izah edib:

  1. Müasir dövrdə söhbət artıq logistikadan gedir. Nəqliyyat 50-60 il qabaqkı kimi fəaliyyət göstərmir. Bu işdə müasir texnologiyalar əsasında informasiya dəstəyi və yüksək rabitə təminatı, son texnologiyalı nəzarət (müxtəlif xarakterli naviqasiya sistemləri və s.) olmasa, normal idarəetmədən və fəaliyyətdən söhbət gedə bilməz.

2. Bu iki nazirliyin birləşdirilməsi ölkənin icra hakimiyyətini xeyli dərəcədə sadələşdirir.

3. Görünür, nəqliyyat sahəsində illərdən bəri yığılıb qalan problemlərin real həlli üçün belə təşkilati-hüquqi variant daha məqbul sayılıb. Ümid edək ki, nəhayət problemlərin həqiqi həllini də görəcəyik.

4. Dünyanın hər bir qitəsində nəqliyyat və rabitə sektorunun eyni orqan tərəfindən idarə edilməsi təcrübəsi olan dövlətlər (Türkiyə, Avstriya, Norveç, Finlandiya, Peru, Çili, Oman, Qətər, Myanma (keçmiş Birma və s.) var”.

 






Fikirlər