Xətainin heykəli sökülür? - RƏSMİ
Şah İsmayıl Xətainin Yusif Səfərov küçəsindən qoyulan heykəlinin götürülüb başqa bir ərazidə yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb. Xətai rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açıqlamasında bildirib ki, heykəlin ərazidən götürülməsi barədə onlarda heç bir məlumat yoxdur: "Sadəcə həmin ərazidə yolun genişləndirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfində "Azəravtoyol” ASC-yə müraciət edilib. Onlar da sifariş əsasında yolda iş aparırlar. Xətainin abidəsi Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Ona görə də, bu barədə rəsmi məlumatı ya nazirlik, ya da sifarişçi verə bilər”. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov açıqlamasında bildirib ki, heykəlin ərazidən götürülməsi ilə bağlı onlara heç bir rəsmi müraciət daxil olmayıb. Məsələ ilə bağlı hazırda yolun genişləndirilməsi ilə məşğul olan "Azəravtoyol” ASC ilə əlaqə saxladıq. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli heykəlin ərazidən götürülməsinin müzakirə edilmədiyini dedi: "Hazırda həmin küçənin genişləndirilməsi istiqamətində iş aparırıq. Lakin heykəlin ərazidən götürülməsi heç bir zaman müzakirə mövzusu olmayıb, bu gün də müzakirə edilmir. Mətbuatda yazılanlar həqiqəti əks etdirmir. Ümumiyyətlə, təmir heykəlin arxa tərəfində aparılır”. Yolun genişləndirilməsi ilə bağlı sifarişi verən tərəf Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, zənglərimizə həmişəki kimi cavabsız qaldı.//publika