ADU-da çinli alimlə GÖRÜŞ KEÇİRİLİB
Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Pekinin Mərkəzi İqtisad Universitetinin tanınmış alimi, tarix elmləri doktoru Çjan Pin ilə görüş keçirilib. Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov iştirakçıları İnstitutun elmi, tədris və ictimai fəaliyyəti, həmçinin tarixi İpək yolunun dirçəlməsi ilə qlobal “Bir kəmər və bir yol” Çin layihəsinin həyata keçirilməsi istiqamətində aparılan araşdırmalar haqqında məlumatlandırıb. O, Ümummilli lider Heydər Əliyevin siyasi irsi barədə danışıb, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəli dostluq və əməkdaşlıq istiqamətində gördüyü işlərdən söz açıb və qonaqları müvafiq məlumat bazası ilə tanış edib. Çjan Pin görüşdən məmnunluğunu ifadə edərək Konfutsi İnstitutunun Çin dili və tədrisi üzrə fəaliyyətini, eyni zamanda Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış etməsini yüksək qiymətləndirib. Çinli alim Konfutsi İnstitutunun aktiv fəaliyyətinin Azərbaycan və Çin xalqları arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr verdiyini vurğulayıb.Sonda sosial psixologiya, ekoloji problemlər və iqtisadi siyasət sahəsində mövcud əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.AzerTaym.az