Nazirdən pensiyaçılara şad XƏBƏR

Похожее изображение

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sabirabad rayonunda bu rayonun, Saatlı, Hacıqabul rayonlarının və Şirvan şəhərinin  sakinləri ilə görüşüb.

Dövlət büdcəsi hesabına mənzillə və reabilitasiya vasitələri, o cümlədən əlil arabası ilə təmin olunma, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, bərpa müalicəsinə köməklik göstərilməsi, sığorta və pensiya münasibətləri, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə əlaqədar  vətəndaş müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.

Vətəndaşlarla görüşündə S.Müslümov əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin 2017-ci ildə də davam etdirildiyini vurğulayıb: “Artıq cari ilin yanvar ayında Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Minimum aylıq əməkhaqqının artırılması haqqında” və “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamlar imzalanıb. Minimum aylıq əməkhaqqının artırılması təqribən 146 min nəfər işləyən şəxsin əmək haqlarında artıma imkan verib. Eyni zamanda, əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin istehlak qiymətlərinin indeksi səviyyəsinə uyğun olaraq cari ilin yanvar ayından 12,4 faiz artırılması, bununla da pensiyaçıların 94 faizinin pensiyalarında artımlar edilməsi təmin olunub. Yanvar ayı üçün hesablanan artımlar fevral ayından ödənilməyə başlanıb və pensiyaçılara fevral ayının pensiyaları həm yanvar, həm də fevral ayı üçün hesablanan artımlarla birgə ödənilib”. 

Səlim Müslümov onu da bildirib ki, Novruz bayramınadək bütün pensiyaların maliyyəşdirilməsi başa çatdırılacaq.

"Çalışacağıq ki, Novruz bayramına qədər pensiyalar hesablara köçürülsün".

Nazir həmçinin ehtiyac meyarının artırılaraq 105 manatdan 2017-ci il üçün 116 manata çatdırılmasının ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdığını qeyd edib. 

Müraciətlərin cavablandırılması zamanı S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işlərinin bu bölgəni də əhatə etdiyini bildirib: “Ötən il Sabirabad rayonunda 10 ədəd, Şirvan şəhərində 7 ədəd fərdi ev bu təbəqədən olanlara təqdim edilib və hazırda yeni fərdi evlər də inşa olunur. Həmçinin Saatlı, Hacıqabul rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 ədəd fərdi evin tikintisi aparılır”.

Qəbul zamanı sorğu xarakteri daşıyan müraciətlərlə bağlı qanunvericiliyin müvafiq bəndləri vətəndaşlara ətraflı izah olunmaqla, bir sıra müraciətlərdə qaldırılan məsələlər yerindəcə həllini tapıb. Müraciətlərinə əsasən 3 nəfər (o cümlədən 1 nəfər sağlamlıq imkanları məhdud uşaq və 2 nəfər əlilliyi olan şəxs) əlil arabaları ilə təmin ediliblər. Ayrı-ayrı şəxslərə yaşadıqları ərazi üzrə müəssisələrdə olan boş (vakant) iş yerləri təklif edilib və onlar üçün münasib olan iş yerlərinə göndərişlər verilib.

Nazir Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə ötən il 4 min nəfərdən çox, cari ilin yanvar ayında 376 nəfərin münasib işlərlə təmin edildiklərini diqqətə çatdırıb: “Dövlət başçısının islahatlar paketinə uyğun olaraq, qeyri-neft sektorunun, o cümlədən ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına yönələn kompleks tədbirlər hazırda vətəndaşlarını qəbul etdiyimiz bu rayonlarda da çoxsaylı iş yerlərinin açılmasına, məşğulluq imkanlarının artırılmasına şərait yaradıb. Bununla bərabər,  özünüməşğulluq proqramı çərçivəsində bu proseslərə dəstək verilir. Proqrama Sabirabad, Saatlı, Hacıqabul rayonlarından və Şirvan şəhərindən də  70 nəfər işsiz və işaxtaran vətəndaş cəlb olunub. Qiymətləndirmə nəticəsində həmin insanlardan 55 nəfərinin biznes-planları uğurlu hesab edilib və onlardan artıq Hacıqabul rayonu üzrə 10 nəfərə ailə bizneslərini qurmaları üçün aktivlər alınıb verilib. Digərlərinin də aktivlərlə təminatı yaxın günlərdə həyata keçiriləcək”. 
S.Müslümov vətəndaşlardan bir qisminin müraciətlərinə əsasən onların  bərpa müalicəsi xidmətləri, reabilitasiya vasitələri ilə təmin olunmaları və s. ilə bağlı tapşırıqlar verib. 






Fikirlər