İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam İMZALADI

İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncam Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə imzalanıb. 

Sərəncama əsasən, 1999-cu ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1982-1998-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar. 

Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2017-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılıblar. 

Nazirlər Kabineti bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.

AzerTaym.az






Fikirlər