Məktəb direktoru olmaq çətinləşdi - ƏMR VERİLDİ
Orta məktəblərdə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə keçiriləcək. Bu barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik yeni idarəetmə sisteminin formalaşdırılması əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Əmrə əsasən, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları” təsdiq edilməli, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqə və apellyasiya komissiyalarının tərkibi təsdiq edilməlidir. Yerli təhsili idarəetmə orqanlarına tapşırılıb ki, direktor vəzifəsi vakant olan təhsil müəssisələrinin siyahısını hazırlasınlar və bir həftə müddətinə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə təqdim etsinlər. Müsabiqənin bu ilin mart-avqust aylarında keçirilməsi nəzərdə tutulur. Əmrin icrasına nəzarət nazir müavini Mətin Eynullayevə həvalə olunub. AzerTaym.az