Zakir Həsənov Milli Qəhrəman Çingiz Qurbanovun 40 MƏRASİMİNDƏ

 

 Martın 17-də Qusar şəhərində Milli Qəhrəman Çingiz Qurbanovun 40 mərasimi keçirilib.
 Mərasimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov iştirak edib.
Fevralın 6-da torpağa tapşırılmış şəhid hərbiçinin yas mərasimi onun adı verilmiş küçədə təşkil olunub.
Müdafiə naziri Zakir Həsənov, müdafiə nazirinin birinci müavini Nəcməddin Sadıqov və Qusar rayon rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin Qusar şəhərindəki abidəsini ziyarət ediblər. Daha sonra şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin, o cümlədən Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi ehtiramla anılıb.
Milli Qəhrəmanın izdihamlı 40 mərasiminə müxtəlif təşkilat və qurumların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar. Müdafiə naziri Zakir Həsənov Çingiz Qurbanovun ailə üzvlərinə başsağlığı verib.
Martın 17-də, həmçinin Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş "Çingiz dastanı" kitabı qusarlı oxuculara təqdim edilib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla birgə görülmüş tədbirlər nəticəsində onun nəşi fevralın 5-də qarşı tərəfdən alınıb. Şəhid Çingiz Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
///BakiPost.az






Fikirlər