Bakı Dövlət Universitetində yeni mərkəz İSTİFADƏYƏ VERİLDİ
Bakı Dövlət Universitetinin Azercell Telekom MMC ilə əməkdaşlığı çərçivəsində Jurnalistika fakültəsində Barama Media Mərkəzinin açılışı olub. Açılış mərasimində BDU-nun rektoru, akademik Abel Məhərrəmov, Azercell Telekom MMC-in prezidenti Vahid Mürsəliyev, PAŞA Bankın nümayəndələri, qonaqlar, fakültənin professor-müəllim heyəti iştirak edib. Çıxış edən rektor Abel Məhərrəmov bildirib ki, Azercell və PAŞA Bankın dəstəyi ilə yaradılan Barama Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, görüşlər təşkil etmək, universitetin digər fakültələrində təhsil alan tələbələrin zəruri bilik və bacarıqlara yiyələnmələri üçün müxtəlif layihə, proqramlara cəlb etməkdir. Rektor mərkəzin fakültə nəzdində fəaliyyət göstərən Tədris-teleradio studiyasının imkanlarından da istifadə edərək elm və innovasiya araşdırmalarına imkan yaratmaq, həmçinin fikirlərini sərbəst ifadə etmək bacarıqlarını formalaşdırmaqda əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. Onu da vurğulayıb ki, BDU ilə Azercell arasında imzalanmış əməkdaşlıq nəticəsində universitet tələbələri texnoloji innovasiyalara daha da yaxınlaşır, həm də sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradılır. Şirkətin Tələbə Proqramı çərçivəsində BDU-nun III və IV kursda təhsil alan və yüksək təhsil göstəriciləri olan tələbələr üçün aylıq təqaüd layihəsindən də danışan rektor yaradılmış şəraitə görə Azercellin prezidenti Vahid Mürsəliyevə, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırova təşəkkürünü bildirib. Azercell-in prezidenti Vahid Mürsəliyev isə Barama Media Mərkəzinin tələbələrə bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradacağını qeyd edib. Bildirib ki, fəaliyyət göstərdiyi 21 il ərzində Azercell Telekom MMC Azərbaycanda təhsilin inkişafına, təcrübəli kadrların yetişdirilməsinə hər zaman dəstək verib, bu yöndə fəaliyyətini bu gün də uğurla davam etdirir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclər Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov qurumun tələbə-jurnalistlərin ideyalarının reallaşmasına təkan verəcəyini qeyd edib və onun işinə uğurlar arzulayıblar. AzerTaym.az