Nərimanov rayonunda “Narkomanlığa qarşı mübarizə” mövzusunda TƏDBİR KEÇİRİLİB

11 aprel 2017-ci il tarixində 7 nömrəli Bakı Peşə Liseyində Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin nümayəndələrinin, rayon ictimaiyyətinin, hüquq mühafizə orqanlarının təmsilçilərinin, səhiyyə işçilərinin, peşə liseyinin şagirdlərinin iştirak etdikləri tədbirdə bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışılmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilmişdir.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri İradə Mahmudova ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, Vətənə, torpağa, ailəyə xəyanət olduğunu vurğulamış və gəncləri, həmçinin bütün cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləmişdir.

Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd edən İ.Mahmudova ölkələrin, bir çox beynəlxalq təşkilatların, eyni zamanda, ölkəmizdə bu bəlanın qarşının alınması istiqamətində mühüm işlər aparıldığını vurğulamışdır.

Tədbirdə “Narkomanlığa qarşı mübarizə” mövzusuna həsr olunmuş qısametrajlı filmlər nümayiş edilmişdir.

Qeyd edilmişdir ki, Nərimanov rayonun bütün idarə və müəssisələrində narkomanlığın cəmiyyətə ziyanına dair keçirilən silsilə tədbirlərdə də əsas məqsəd məhz maarifləndirmənin lazımi səviyyədə təşkili, ölkə əhalisinin sağlamlığının qorunması üçün ciddi təhlükə olan, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən narkotik maddələrin ölkəmizə idxalının qarşısının alınmasıdır.

Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili Fazil Həşimov, 8 saylı Şəhər poliklinikasının həkimi Güloğlan Quliyev və Nərimanov Rayon Məhkəməsinin böyük məsləhətçisi Sərxan Poladov çıxışlarında narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu və onun “ağ ölüm” adlandırıldığını vurğulayan çıxışçılar gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırmışlar. Diqqətə çatdırılmışdır ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur, eyni zamanda, orta və ali təhsil məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq dursunlar.

Yekunda şagirdlərin sualları cavablandırılmışdır.

AzerTaym.az






Fikirlər