"Təhsil Nazirliyi hansısa məsələyə diqqət etdikdə də qorxa-qorxa yanaşır, gözünü qırpa-qırpa baxır”.
Bunu Sherg.az-a Sumqayıt şəhəri 21 saylı məktəbin futbol meydançasında yaşayış binasının inşa olunması ilə bağlı danışarkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib.
O bildirib ki, belə məktəblərin hakimi-mütləqi icra başçılarıdır:
"İcra aparatları istədiyi orqanda, istədiyi yerdə bildiyini edir. Aydındır ki, məlum məsələ Sumqayıt şəhər icra başçısı ilə şəhər təhsil idarəsi arasında olan danışıq əsasında baş verib. Başqa cür ola bilməz. Əgər məktəbdəki meydança məktəbin özünə aid sahədirsə, mütləq burada təhsil şöbəsinin razılığı olmalıdır. Təhsil İdarəsi də icra başçısına tabe olduğu üçün onun icazəsi ilə bu bina tikilir.
Məsələ bundadır ki, indi vəzifə sahiblər özləri də biznesmendirlər. Özləri ilə danışığa girirlər, istədikləri yeri zəbt edib, tikinti aparır, obyekt açırlar. Əhalinin narazılığını aradan qaldırmaq üçün əlillər üçün tikildiyini ortaya atırlar və ya digər səbəbləri əsas gətirirlər. Əgər bu bina doğrudan əlillər üçün tikilirsə, niyə başqa yerdə tikilmir? O böyüklükdə Sumqayıt şəhərində başqa yer yoxdur ki, əlillər üçün bina tikilsin? İkinci tərəfdən, əgər tikirsə, gətirsin binanın layihəsini və sənədlərini göstərsin. Belə hallar ilk dəfə deyil ki, baş verir. Paytaxtda, rayonlarda dəfələrlə belə hallar olub”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə yarada bilsək də, cavab almaq mümkün olmadı. Qurum sözçüsü "yarım saat sonra zəng edin danışaq" desə də, növbəti zənglərimizə cavab vermədi və nəticədə cəhdlərimiz uğursuz oldu.
Qeyd edək ki, Sakinlər ərazidə qeyri-qanuni tikintinin aparıldığı iddiası ilə etiraz edirlər. Şikayətçilər meydançanın sahəsində çoxmərtəbəli yaşayış binasının tikilmək planının olduğunu deyirlər. Onların sözlərinə görə tikinti aparan şəxslər sakinləri aldadır ki, bura əlillər üçün bina tikilir.