Şərqi Azərbaycana ordu yeridildi: ölənlərin sayı artır - VİDEO

Güclü yağış nəticəsində Şərqi Azərbaycan vilayətinin bir neçə şəhərini sel basıb, nəticədə onlarla insan ölüb və ya itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Valiliyi Böhran Müdiriyyəti Şöbəsinin rəisi Xəlil Sai danışıb. X.Sai vilayətin digər şəhərlərində təbii fəlakətin fəsadlar törətdiyini vurğulayıb:

“Azərşəhrdə 7 avtomobil sel-daşqın sularının altında qalıb, hazırda itkin düşən avtomobil sərnişinləri axtarılır. Təbii fəlakət Marağa, Binab və Sarab şəhərlərində də baş verib, lakin ən çox Əcəbşer və Azərşəhr şəhərlərinə ziyan dəyib”.

X.Sainin sözlərinə görə, təbii fəlakət nəticəsində bölgəyə dəymiş maddi ziyanın həcmi hələlik məlum deyil.

Azərşəhr Qızıl Aypara Cəmiyyətinin rəisi isə bildirib ki, xilasedicilər 3 nəfəri seldən qurtarıb, sular altında qalan “Pejo” markalı avtomobilin 3 sərnişininin axtarışı isə davam edir.

Azərşəhr İcra Hakimiyəti başçısı Allahyari deyib ki, Azərşəhr, Qoqan, Mamaqan, Teymurlu və ətraf kəndlər daşqın sularının mühasirəsindədir: “Sel Azərşəhrin Qələzar məntəqəsində bir neçə avtomobili aparıb. Ölənlər barəsində hələlik dəqiq məlumat yoxdur. Xilasedici qruplar isə təbii fəlakət bölgəsinin bütün yerlərinə göndərilib”.

Şərqi Azərbaycan Yol Polisi İdarəsinin rəisi polkovnik Cavad Namvəran isə Azərşəhr-Əcəbşer yolunda yerləşən Qazi Cahan körpüsünün hələlik bağlandığını elan edib: “Bölgədə təhlükə ehtimalı var, daşqın təkrarlana bilər. Ona görə də Qazi Cahan körpüsü növbəti xəbərdarlığa qədər bağlı qalacaq”.

Əcəbşer İcra Hakimiyyəti başçısının sözlərinə görə, bu şəhərdə baş verən daşqın nəticəsində 3 nəfər ölüb, 12 nəfər isə itkin düşüb. Hələlik itkin düşənlərin taleyi barədə heç bir məlumat yoxdur. “Ölənlərdən biri qadın, ikisi isə kişidir, onların cəsədi Əcəbşer xəstəxanasına aparılıb”, - deyə mer bildirib.

Bəzi mənbələr isə Əcəbşerdə təbii fəlakət nəticəsində 12 nəfərin öldüyünü və 40 nəfərin itkin düşdüyünü iddia edib.

***

Şərqi Azərbaycan valiliyi İran ordusunu sel daşqınlarından əziyyət çəkənlərə yardım göstərməyə çağırıb.

Bu çağırışdan sonra ordu hissələri hadisədən ziyan çəkənlərin yardımına gəliblər. Daşqınlar zamanı itkin düşənlərdən 7 nəfərin meyiti artıq aşkarlanıb. Selin apardığı 7 maşından 2-si tapılıb və onların içində 3 meyit olub. Axtarışlara Hərbi Hava Qüvvələrinin helikopterləri də cəlb edilib.

Hökumət daşqınlar nəticəsində 12 nəfərin öldüyünü, 40 nəfərin isə itkin düşdüyünü təsdiqləyib. Qeyri-rəsmi məlumata görə isə ölənlərin sayı artıq 50-ni keçib.

 






Fikirlər