Neftçilərimizin itkin düşməsindən 10 gün ötdü

 Neftçilərimizin itkin düşməsindən 10 gün ötdü

Onların doğmalarında azacıq da olsa ümid işartıları qalıb; dünyada bu tipli hadisələr dəfələrlə olub; Mirvari Qəhrəmanlı: “Sağ qalma ehtimalı sıfıra enib...”

 

Bu gün “Günəşli” yatağının 10-cu platformasında baş verən müdhiş faciədən 10 gün ötür. 32 neftçinin sulara qərq olduğu hadisə ilə 23 nəfərin axtarışı hələ də davam edir. Eyni zamanda qəzadan öncə “Neft Daşları”nın itkin düşən 3 əməkdaşının da axtarışları nəticə verməyib. 
 
Hazırda itkin düşənlərlə bağlı ümidlər tükənsə də, azacıq da olsa qəlblərdə ümid işartıları hələlik qalıb. İtkin düşən neftçilərin yaxınlarının gözləri xoş xəbər eşidəcəkləri ilə bağlı yollara dikilib. Ümidini üzüb, yaxınlarının heç olmasa cəsədlərinin tapılmasını təskinlik kimi qəbul edənlər də az deyil. Ancaq reallıqdan çıxış etsək, itkin düşənlərin həyatda qalmaları, sadəcə, möcüzə sayıla bilər. Hətta onların cəsədlərinin tapılması da artıq möcüzəyə çevrilib. 
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirdi ki, itkin düşən neftçilərin sağ qalma ehtimalları artıq sıfıra enib: “10 gün keçir hadisədən. 
Bu müddətdə itkin düşənlərin sağ qalma ehtimalları varmı? Yalnız hansısa möcüzə nəticəsində. Havanın qasırğalı olmasını, suyun soyuqluğu və xüsusi geyimin suya düşərkən daha da ağırlaşmasını nəzərə alsaq, artıq bu ehtimallar sıfıra enib. Hava qasırğalı olduğu üçün külək cəsədlərin dənizdən daha da uzağa apara bilər. Bu da onların tapılma şanslarını azaldır”.
 
 
M.Qəhrəmanlı dünyada baş verən bu cür hadisələrə də nəzər saldı: “Ümumiyyətlə, indiyədək dünyada baş verən bu cür hadisələr nəticəsində tapılmayan insanlardan bir neçə misal gətirəcəyəm. Açıq dənizdə neft-qaz hasilatı olduqca riskli işdir. Bu cür qəza ilə üzləşən təkcə SOCAR deyil. 2010-cu ildə BP-nin ABŞ-ın Meksika körfəzində kəşfiyyat işləri aparan nəhəng ”Deepwater Horizon" platformasında quyudan güclü qaz sızması nəticəsində güclü partlayış baş verib. Bu zaman 11 neftçi itkin düşüb. BP platformadakı qalan işçiləri evakuasiya edə bilib və güclü yanğınla mübarizəyə başlayıb. 
 
Lakin yanğını söndürmək və platformanı xilas etmək mümkün olmayıb. 1983-cü ilin 25 oktyabrda ARCO neft şirkətinin “Glomar Java” dəniz qazma gəmisi Cənubi Çin dənizində, “Lex” qasırğası zamanı batıb. 81 nəfərdən ibarət bütün heyət həlak olub. Axtarışlar nəticəsində 36 cəsəd tapılıb, onlardan yalnız 31-ni sahilə çıxarmaq mümkün olub. Qalan 45 nəfər itkin düşdüyünə görə “ölmüş” elan edilib. 7 mart 1980-ci ildə Norveç neft ixracatı tarixində baş tutan ən dəhşətli faciələrdən biri baş verib. Qəza hökumətə və ümumilikdə ölkənin neft sənayesinə ciddi zərbə vurub. 
 
Faciəyə əsas səbəb buruğun beş “ayağ”ından birinin materialının köhnəlmiş olması və sınması olub. Ümumilikdə platformada çalışan 212 nəfərdən 123-ü həlak olub. Buruq aşandan bir neçə saat sonra hadisə yerinə Norveç, Danimarka, Almaniya və Böyük Britaniyadan 7 təyyarə və 19 helikopter sağ qalanların, eləcə də ölənlərin axtarışına başlayıb. Bundan əlavə 9 hərbi və 71 sərnişin gəmisi Şimal Dənizində güclü tufan şəraitində xilasetmə əməliyyatında iştirak edib. Onlar bu cür hava şəraitində cəmi 82 nəfərin həyatını ölümdən qurtara bilmişdi. Yəni belə hadisələri çox sadalamaq olar".
 
 
Hüquq müdafiəçisi itkin düşən neftçilər tapılmasa, atılmalı olan addımlardan da danışdı: “İtkin düşənlər tapılmasa, onlar məhkəmə qərarı əsasında ölmüş hesab olunmalıdırlar. SOCAR-da baş verən qəzalar həm hökumətə, həm də SOCAR rəhbərliyinə ciddi dərs olmalıdır. İnsan faktoru əsas götürülməlidir. Şirkət daxilində də komissiya yaradılıb, iş yerlərinin, işçilərin iş şəraiti, avadanlıqlar, qurğular ciddi yoxlanılmalıdır”.
Xatırladaq ki, “Günəşli” yatağında güclü külək nəticəsində dekabrın 4-də baş verən qəza nəticəsində platformada olan 63 nəfərdən 33-ü xilas olunsa da, yerdə qalanlarını qurtarmaq mümkün olmayıb. Onlardan 6 nəfərinin cəsədi tapılsa da, digərlərinin axtarışları hələ də davam edir.






Fikirlər