`Siyasi oyunbazlıq etməyin` - SOCAR rəsmisindən etiraz
“Sosial şəbəkələrdə bəzi müzakirələr aparılır. Qeyri-peşəkar və hadisə barədə məlumatı olmayan insanlar statuslar yazır. Anlamırlar ki, söhbət yaxınını itirmiş insanlardan gedir. Bu, siyasi oyun deyil, burada siyasi oyunbazlıq etmək olmaz”. Bu sözləri SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov operativ qərargahda keçirilən brifinqdə bildirib.
Xaliq Məmmədov əlavə edib ki, itkin düşənlərin ölmüş olması barədə qərarı məhkəmə verir: “Biz son işçimizi də tapana qədər axtarışa ümidliyik”.
Xəzəryanı ölkələrə göndərilən müraciətlərə gəlincə, SOCAR rəsmisi bunun hələ ki, nəticəsiz olduğunu deyib.
X.Məmmədov daha sonra qəzada xəsarət alan neftçilərin işə bərpasından söz açıb.
“İşçilərin müalicə prosesi gedir və bu proses davam etdiriləcək. Müalicə bitəndən sonra tibbi müəssisə qərar verir ki, onlar tam sağlamdır və işə çıxa bilərlər. Ağır yaralanmış və əlil olmuş işçilərə isə sağlamlıq sığortasına uyğun müavinət veriləcək”.