“Kəmərdə partlayış olub, MTN təxribat versiyasını araşdırır” - SOCAR-da mətbuat konfransı -VİDEO
“Qayıqlardan biri dənizə düşüb və partlayıb. Onun içindəki insanlar isə dənizə düşüb” “Həmin gün çox güclü külək əsirdi. Küləkli hava uzun müddət davam edib – təxminən 27 saat. Bu da dalğaların hündürlüyünü artırıb. Qaz quyularından 10-cu platformaya gələn kəmər dalğanın gücünə davam gətirməyərək partlayıb”.Virtualaz.org saytı xəbər verir ki, bunu hazırda mətbuat konfransı keçirən SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. X.Yusifzadə qeyd etdi ki, axşam saat 22:30 radələrində qayıqlardan biri dənizə düşüb və partlayıb. Onun içindəki insanlar isə dənizə düşüb. Onların qoruyucu jiletləri olsa da gecə onları görüb xilas etmək çətin olub və yalnız 3-nü xilas ediblər, qalanların axtarışı davam edir. Digər qayıqdakıların hamısı isə xilas olub: “Qayıqda olanlardan 3 nəfəri batıb, 26 nəfər isə xilas olub. İndi əsas vəzifə yanğını södürmək və itən insanları tapmaqdır. Hazırda Fövqəladə Hallar Nazirliyi ilə birdə axtarışlar davam edir. Hazırda 29 nəfərin itkin sayıldığını və onların tapılması istiqamətində bütün tədbirlərin görüldüyünü deyən Yusifzadə əlavə edib ki, “Günəşli” platforması 1984-cü ildə tikilib və istismar müddəti 50 ildir: “Hazırda orada işlək vəziyyətdə 28 quyu var. Onların 24-ü neft quyusudur, digərləri isə qaz quyusu. Biz o platformadan gün ərzində 1 milyon 80 min kubmetr qaz, 900 ton neft alırıq. Yanğın başlayan kimi qaz gələn kəmərlər bağlandı. Yanan qaz kəmərin içində qalan qaz idi”. X. Yusifzadə bildirib ki, ölkə başçısının tapşırığına əsasən yaradılan müvafiq komissiyaya Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri də daxildir və bu versiya araşdırılacaq. SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kömək təklifinə cavab verib.Yusifzadə Azərbaycanın yanğını öz gücünə söndürmək imkanında olduğunu bildirib: “Heç kimdən kömək istəməyəcəyik. Problemi öz qüvvəmizlə həll etmək imkanımız, yanğını söndürmək gücümüz var”. SOCAR-ın digər vitse-prezidenti Xaliq Məmmədov itkin düşənlərin axtarış işləri ilə bağlı məlumat verib. Onun sözlərinə görə hazırda Sərhəd Qoşunlarının 7, FHN-in isə 4 helikopteti itkin düşənlərin axtarışlarını davam etdirir: “Baş nazir Artur Rasiadə SOCAR-a gəlib, hesabatı dinləyib. Qazaxıstan, İran və Rusiya sərhəd qoşunlarından xahiş olunub ki, itkin düşənlərin axtraşına qoşulsunlar, çünki onların ərazisinə keçmiş ola bilərlər”. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev xilasetmə işləri barədə məlumat verib bildirdi ki, hava şəraitinin kəskin pis olması helikopterin platformaya oturmasına və xilasedici gəmilərin ora yaxınlaşmasına imkan verməyib: “4 helikopter və şəxsi heyət 29 nəfərin axtarış işlərini aparır. Hazırda yanğının söndürülməsi işləri də davam etdirilir”. Etibar Mirzəyevin sözlərinə görə, qəza baş verən platformadan 40 km aralıda helikopter tərəfindən neftçilərə məxsus olduğu güman edilən əşyalar aşkarlanıb: “Ora FHN işçiləri göndərilib. Dənizdə olan bütün gəmilər itkin düşənlərlə bağlı məlumatlandırılıb”. Etibar Mirzəyev bildirib ki, FHN-in yanğınsöndürən gəmiləri hazırda yanğının söndürülməsi işlərini həyata keçirir.Nazir müavini itkin düşənlərin axtarışının da davam etdirildiyini bildirib. Onun sözlərinə görə, axtarışa FHN-in 3, Dövlət Sərhəd Xidmətinin isə 4 helikopteri cəlb olunub.
“Günəşli” platformasındakı yanğının səbəblərini izah edən X.Yusifzadənin sözlərinə görə, həmin qaz kəmərinin partlaması da yanğına səbəb olub: “İşıqlar sönüb və adamlar özlərini itirib. Bununla belə neftçilər yenə də təlimata uyğun olaraq öz işlərini görüblər. Qayıqlardan istifadə edib azad olublar. Qayıqların birində 26, digərində 32 adam olub. Onlar gələn xilasedici qayıqları gözləsələr də dalğanın hündürlüyü xiladedicilərin yaxınlaşmasına imkan verməyib”.
Bundan başqa, E. Mirzəyev Türkmənistan və İranının müvafiq qurumlarının, eləcə də dənizdə olan bütün üzən gəmilərin itkin düşənlər barədə məlumatlandırıldığını da bildirib.
E.Mirzəyev musavat.com-un müxbirinin sualına cavab olaraq bildirib ki, bu gün dənizdən heç bir neftçi çıxarılmayıb: “33 nəfər sağ çıxarılıb. Bir nəfərin meyiti çıxarılıb.
29 nəfər də itkindir. Bundan başqa yazılanlar və deyilənlər yalandır”