Azərbaycanlı gənclərin Çexiyada təhsil almaq imkanları GENİŞLƏNİR
Qərb Universiteti Çexiyanın aparıcı təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurur. Belə ki, universitet hazırda bu ölkənin Mendel və NEWTON College Universiteti ilə birgə layihələr, tədris proqramları həyata keçirir.
Bu günlərdə Qərb Universitetində Çexiyanın Mendel Universitetinin nümayəndələri ilə görüş olub. Görüşdə universitetlərarası əməkdaşlıq əlaqələri müzakirə olunub, gələcək perspektivlər nəzərdən keçirilib.
Qeyd edək ki, iki universitet arasında əməkdaşlıq müəllim-professor heyətinin, eləcə də tələbələrin mübadiləsini və birgə Yay Məktəblərini əhatə edir.
Məlumat üçün bildirək ki, Qərb Universitetinin tələbəsi Fidan Əliyeva təhsilini Mendel Universitetində maliyyə ixtisası üzrə davam etdirir.
Qərb Universiteti və Çexiyanın “NEWTON College” Universiteti arasında əməkdaşlığa əsasən isə tələbələr üç il Qərb Universitetində, bir il isə “NEWTON College” Universitetində təhsil almaqla ikili diploma sahib ola bilərlər.
Ümumiyyətlə, beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə malik olan Qərb Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Universitetin xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus plyus mübadilə layihəsi çərçivəsində bu ali təhsil ocağının tələbələri Avropanın aparıcı universitetlərində təhsil ala bilirlər.