Halal turizmin şərtləri - çay, CANAMAZ...
Azərbaycana müsəlman turist axını ilə halal hotellərin də sayı artacaq Heç kəsə sirr deyil ki, son illər ölkəmizə gələn turistlər əsasən müsəlman ölkələrindəndir. İrandan, Birləşmiş Ərəb Əmirliklərindən, Küveytdən... Və bu zaman da halal turizm anlayışı meydana gəlir. Dünyanın bir çox turizm mərkəzlərində bu anlayış var, inanclı insanlar bu turizm növünə üstünlük verir. Və bunun da xüsusi səbəbləri var. Bu haqda bir qədər sonra... Ölkəyə gələn müsəlman turistlərin sayı günü-gündən artırsa... Ondan öncə isə rəqəmlər haqda. 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib. 2016-cı ilin ilk 3 ayı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə İrandan 2 dəfə çox turist gəlib. Bu ilin mart ayında Novruz bayramı münasibətilə İrandan gələn turistlərin sayı 70 minədək artıb. Azərbaycanda yeni halal turizm standartı yaradılıb. Bu barədə jurnalistlərə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov məlumat verib. Bildirib ki, prezidentin imzaladığı sənədlərlə dünyada mövcud olan halal turizm normalarına cavab verən standartın yaradılması tapşırılıb. Bununla mehmanxanalarda müasir tələblərə cavab verən standartın Azərbaycana gətirilməsi nəzərdə tutulub. Qeyd edək ki, 2016-cı ildə körfəz ölkələrindən və digər müsəlman dövlətlərdən gələn turistlərə viza qaydalarının sadələşdirilməsi ilə onların sayında atrım müşahidə olunub. 2015-ci ildə 13 müsəlman ölkəsindən 27 min turist gəlib. 2016-cı ildə isə bu rəqəm 157 minə çatıb. “Müsəlman turistlərin Azərbaycana marağının artması tələb edir ki, halal standartı tətbiq edək. Burada mehmanxanalarda qiblənin istiqamətinin göstərilməsi, Quranın olması, namaz otaqlarının qurulması, müsəlman məişəti üçün, onların tələblərini ödəyəcək bütün tələblər ortaya qoyulur. Eləcə də onların halal yeməklər yeməsi təmin olunmalıdır”. “May ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi müsəlman ölkələrindən gözlənilən turist axını Azərbaycanda halal turizm sahəsinin tətbiqini zəruri edir”. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmisi Namiq Tağıyev “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tələblərinə həsr olunan seminarda deyib. O bildirib ki, sözügedən standart halal xidmət göstərən mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, hotellər, motellər və digər mehmanxana tipli obyektlər üçün “Halal idarəetmə sistemi”ni əhatə edir: “Müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsiplərə uyğun olaraq yaşayışı, qidalanması və asudə vaxtlarının səmərəli keçirilməsi üçün standartda bir sıra tələblər öz əksini tapıb. Belə ki, tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin kişilər və qadınlar üçün ayrıca su hovuzu və SPA xidmətləri göstərilir”. Halal turizmlə məşğul olmaq istəyirsənsə... sertifikat al Arayış üçün xatırladaq ki, turizm industriyasında bu, yeni anlayış, termin sayılır. İslami inanca və qaydalara uyğun şəkildə tətil keçirmək istəyənlər üçün ortaya çıxıb. Bu cür hotellərdə və tətil müəssisələrində qadınlar və kişilər üçün ayrı hovuz və çimərliklər olur. SPA mərkəzləri də qadınlara və kişilərə görə ayrılır. Alkoqollu içkilər verilmir. Bütün qida və əşyalar halal standartlarına uyğun istehsal olunur. Ramazan ayında müştərilər üçün orucdan sonra dənizdən istifadə etmələri üçün çimərliklər işıqlandırılır. BƏƏ-də Dubay, Misirdə Şarm-Əl-Şeyx, Malayziyada Kuala Lumpur, İndoneziyada Bali kimi şəhərlərdə də halal turizm inkişaf etməkdədir. Halal turizmlə məşğul olan hotellər kütləvi turist gələn şəhərlərdə deyil, daha az turist gələn bölgələrdə olur. Halal turizmlə məşğul olmaq istəyən hotellər xüsusi sertifikat almalı olurlar. Belə sertifikatların verilməsi üçün hotellər yoxlanılır, yeməklərinin halal olması, qadın-kişi hovuzlarının, SPA, fitnes, masaj, gözəllik salonlarının ayrı olmasına xüsusi fikir verirlər. Bütün bu kriteriyalara cavab verən hotellərə sertifikat verilir. Hətta elə lyuks hotellər var ki, onlarda nəinki qadın və kişilərə xidmət göstərən ayrı sahələr var, hər bir ailə üçün xidmət göstərən sahələr də var. Həmin hotellərin hovuzu, fitnesi və s. hər biri ailələr üzrə fəaliyyət göstərir. Bu hotellərə gələn qadınlar bikini yox, haşema geyinirlər Bundan başqa, bəzi tətil müəssisələrində qadınlara özəl, bayırdan görünməyəcək formada hazırlanmış çimərliklər də var. Amma bir çox yerdə islami qaydalara uyğun geyimlərlə ailələr tərəfindən istifadə oluna biləcək qarışıq çimərliklər də var. Bütün bu yerlərdə qonaqların ibadətlərini yerinə yetirmələri üçün məscidlər də var. İslami hotellər Türkiyədə yeni konsepsiya sayılsa da, sürətlə yayılır. Dünyada bu sayaq hotellərin sayı 400 olsa da, Türkiyədə bu rəqəm 150-ni ötmür. Türkiyədə İlk belə hotel 1995-ci ildə açılıb. Əvvəllər ölkə xaricində yaşayan türk ailələr üçün nəzərdə tutulan hotellər artıq yerli camaatı da cəlb edir. Yuxarıda da qeyd etdiyimiz kimi, səbəb ölkədə dini kəsimin sürətlə artmasıdır. Bu sayaq hotellərdə qadınlar bikini və ya mayo tərzindəki bədənin bəzi yerlərini göstərən çimərlik geyimlərindən istifadə etmir. Onlar haşema adlanan, inanclı qadınlar üçün nəzərdə tutulan çimərlik geyimi geyinirlər. Ailənin qadın və kişi üzvlərinin birlikdə istirahət etdiyi qarışıq çimərliklərlə yanaşı, sırf qadınlar üçün, bayırdan görünməyəcək şəkildə hasarlanmış çirmərliklər də tikilib. Qadınlar onlar üçün hazırlanan qapalı çimərliklərdə geyimlə bağlı hər hansı qayda-qanuna əməl etmək məcburiyyətində deyillər. Yəni əgər bu çimərlik sırf inanclı qadınlar üçündürsə və kənardan da görünmürsə, onlar bikini və ya mayodan istifadə edə bilirlər. Bütün əyləncələr namaz saatları nəzərə alınaraq keçirilir Yay tətili demək eyni zamanda əyləncə deməkdir. Halal hotellərdə də əyləncə keçirilir. Amma burda əyləncə tədbirləri islami qaydalara, əxlaqi dəyərlərə, uyğundur, mühafizəkarlığını qoruyur. İnanca uyğunluğuna görə də bu hotellərdə keçirilən tətillər halal tətil adını qazanır. Bundan başqa, bütün əyləncələr də namaz saatları nəzərə alınmaqla keçirilir. Yəni müştəri həm əyləncəsindən, həm də dini borcundan qalmır. Azərbaycanda hotellərlə bağlı rəsmi qaydada halal standartı tətbiq edilmir. Amma Bakıda bir neçə hotel var ki, rəsmi qaydada halal standartı olmasa da, özü təyin etdiyi qaydalar əsasında halal xidmətlər təklif edir. Hazırda Bakıda bu tipli 3 hotel fəaliyyət göstərir. “Premier Old Gate” hoteli İçərişəhərdə, “Primier Expo” "Nərimanov" metrosunun yaxınlığında, “Primier Hotel” isə Gənclikdə yerləşir. Hotellər qrupundan fins.az-a verilən məlumata görə, Bakıda fəaliyyət göstərən halal hotellər bir neçə xüsusiyyətinə görə adi hotellərdən fərqlənir. İslamdan diqqət yetirilən əsas məsələlərdən biri qidadır ki, hotel təqdim etdiyi yemək çeşidlərinin halal olmasına önəm verir.Alınan ət və toyuq məhsulları halal qaydada kəsim aparılan “Qoç Ət”dən, digər kənd təsərrüfatı və süd məhsulları isə “Saf Qida”dan alınır. Bundan əlavə, istixanalarda deyil, kəndlərdə yetişdirilən tərəvəzlər sifariş edilərək gətirilir. Hotelin restoranında milli yeməklərlə yanaşı, Avropa mətbəxinə aid yeməklər də təqdim edilir. Bu yeməklər də halal ətdən hazırlanır. Hotellər qrupundan bildirilib ki, halal qaydalara əsasən fəaliyyət göstərən 3 hotel həm də ailəvi müştərilər üçün nəzərdə tutulub. Digər hotellərdən fərqli olaraq rəsmi və ya dini nigah sənədi olmayan müştərilər hotelə qəbul edilmir. Əsas məsələlərdən biri isə təbii ki, spirtli içkilərdir. Hotellərin restoranlarında və mini-barlarda spirtli içkilər qadağan edilib. Hətta burada “hacı pivəsi”də satılmır. Hotel rəhbərliyindən bildirilib ki, halallıq normalarına tam riayət edilməsi üçün hər ehtimala qarşı bu içkilər də satılmır. Müştərilərə yalnız qazlı sular, şirələr, çay və kofe təklif edilir. Hotellər nömrələrində ibadət etmək üçün şərait yaradılıb. Belə ki, nömrələrdə ibadət üçün cənamaz və möhürlər qoyulub.
M.Qəhrəmanovun sözlərinə görə, Birləşmir Ərəb Əmirliklərindən 2015-ci ildə 2 700 xarici vətəndaş gəlmişdisə, 2016-cı ildə bu rəqəm 57 mindən çox olub.
Türkiyədəki statistik məlumatlara görə, hazırda Çeşmə bölgəsi islami tətilin ən populyar olduğu turizm bölgəsidir. Çünki burda sözügedən təyinat üzrə 7 hotel fəaliyyət göstərir. Nevşehir, Bodrum, Afyon, Selçuk, Kumluca, Fethiye, Side, Didim, Ankara, İstanbul, Altınoluk, Kuşadası, Kütahya, Şile, Manyas, Kaş, Erdek, Denizli, Akçakoca, Sakarya, Kerpe, Kartepe, Edremit, Çanakkale, Uludağ və Anamur da siyahıda özünə yer tapan bölgələrdəndir. Bu hotellər öz iş prinsiplərini təsdiqləmək üçün halal turizm sertifikatı almalıdılar. Türkiyədə halal tətil seçən müştərilərin böyük əksəriyyətini yerli turistlər təşkil etsə də, Danimarka, Fransa, Almaniya kimi Avropa və ərəb ölkələrindən də gələn müştərilər olur. Bu müştərilərin bir gecə üçün ödədiyi məbləğ 35-500 dollar arasında dəyişir. Təbii ki, hotelin ulduzlarının sayı, orda müştəriyə verilən xidmət və seçimlər də qiymətdə mühüm rol oynayır.