25.02.2014. - Bu müəssisələrdə "halal" sözünün istifadəsinə qadağa qoyulacaq
AzerTaym.az saytı xəbər verir ki, bu günlərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 757-2014 “Halal məhsulların sertifikatlaşdırma qaydaları” dövlət standartı təsdiq edilmişdir. Bu standart “halal məhsul”ların sertifikatlaşdırılmasını, bu məhsullara uyğunluq sertifikatının verilməsi qaydalarını tənzimləyir. Standarta əsasən, “halal məhsul”ların sertifikatlaşdırılması üçün sifarişçi məhsulun sertifikatlaşdırılması üzrə akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına sifarişlə müraciət etməlidir. Əks halda sertifikatlaşdırılmayan məhsulların üzərində “halal” sözünün istifadəsinə qadağa qoyulacaqdır.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, cari ilin 1 aprel tarixindən etibarən AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağan ediləcəkdir. Məhsullarında adıçəkilən sözdən istifadə edən müəssisələrə artıq bununla bağlı məlumat verilmişdir. Onlar verilmiş bu müddət ərzində “halal” sözü yazılmış etiketlərin yeniləri ilə əvəzlənməsi üçün texniki məsələləri həll etməlidirlər. Yəni sertifikatlaşdırılmadan “halal” sözünün istifadəsi qadağan olunduğuna görə verilmiş müddətə qədər yeni etiketlərin sifarişi, çapı və digər zəruri məsələlər müəssisələr tərəfindən həll edilməlidir. 1 aprel 2014-cü il tarixindən etibarən AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin “halal” markalı məhsulu istehsal edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcəkdir.
Məqsəd qanunvericiliyin tələblərinin icra edilməsi ilə yanaşı, istehlakçı hüquqlarının etibarlı qorunması, haqsız rəqabət hallarının qarşısının alınması və istehlakçıların bu sahədə daxili bazara inamının gücləndirilməsidir.