700 bal yığan abituriyentlər danışdı - “Məcburən DƏYİŞİKLİK ETDİM”
Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. BakiPost.az-ın əməkdaşı 700 bal toplayan hər 3 abituriyentlə əlaqə saxlayıb. Ağcabədi şəhəri 3 saylı məktəb liseyin şagirdi Arzu Məmmədzadə bildirib ki, 700 bal toplayacağına ümidi olmayıb: "Düzü gözləmirdim. Amma çox çalışdığıma görə hamı istəyirdi. 700 bal toplamağım yaxşı oldu. Çünki əziyyətinin bəhrəsini görmək yaxşıdır. İnsanı sevindirir. Hələ ki, hansı universiteti və fakültəni seçəçəyimi müəyyənləşdirməmişəm. Müəllimlərimlə danışdıqdan sonra qərarlaşdırmaq istəyirəm. Özüm isə həmişə beynəlxalq münasibətlər fakülətəsini ingiliscə oxumaq istəmişəm. Həmin fakültə də Qafqaz Universitetində var idi. İndi isə universitetin adı dəyişib, müəyyən dəyişiklər olub. Bu səbəbdən fakültə dəyişikliyi etmək məcburiyyətində qaldım. Amma hələ tam qərar verməmişəm”. Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılova isə qeyd edib ki, daha çox prezident təqaüdünə düşəcəyini gözləyirmiş:"Əslində 700 balı yığacağımı gözləmirdim. Amma prezident təqaüdünə düşməyi arzulayırdım. Hazırlıqlara bu il getmişəm. Müəllimlərin səyi nəticəsində hazırlığa getməyə ehtiyac duymamışam. Sadəcə 11-ci sinifdə abituriyent olduğum üçün hazırlıqlara getdim. Hələ ki, hansı universiteti seçəcəyimlə bağlı qərar verməmişəm. Amma seçimim ya Bakı Dövlət Universiteti, ya da Prezident yanında Dövlət İdarəçilik Akademiyası olacaq”. Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu olan Cavad Əliyev də hələ ki, seçəcəyi universiteti müəyyənləşdirmədiyini deyib:"Həqiqətən də yüksək bal toplayacağımı gözləyirdim. Amma bir neçə yerdə səhvim çıxa bilərdi, olmadı. 700 bal topladım. Düzü hələlik seçəcəyim universiteti dəqiqləşdirməmişəm. Amma ixtisas olaraq iqtisadiyyatı seçmək istəyirəm”.