Vüsal Hətəmov: “Orta məktəblərdən tutmuş, ali məktəblərə qədər gənclərimiz bütün din və təriqətlər barədə nəzəri-tarixi bilgilərə malik olmalıdır ki, heç bir missioner onları aldada bilməsin”
Milli Məclisin son iclasında "Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarıldı. Layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər. Bununla da QMİ-yə yeni səlahiyyət verilir.
Dəyişiklikdə dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparmasının qadağan edilməsi nəzərdə tutulub.Bununla indiyə qədər olan tam qadağa məhdudiyyəti yumşaldılır.Bundan başqa, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilməsi də layihədəəks olunub.Layihə səsə qoyularaq qəbul edilib.
Şərqşünas-politoloq Vüsal Hətəmov məsələni "Reytinq”ə şərh edərkən deyib ki, QMİ-yə yeni səlahiyyət verincə, ölkədə normal təhsil verə biləcək ali dini təsisat qurulmalı və ya mövcud olan Bakı İslam Universitetinə savadlı müəllim kadrları cəlb edilməlidir. Ekspertin fikrincə, QMİ Təhsil Nazirliyi deyil ki, hansısa tələbənin savadlı olub-olmaması barədə seçim apara bilsin.
Qeyd olunduğu kimi, dəyişiklikdə dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparmasının qadağan edilməsi nəzərdə tutulub.Sanki bununla indiyə qədər olan tam qadağa məhdudiyyəti yumşaldılır.
V.Hətəmov isə bu dəyişikliyin müsbət nəticə verəcəyinə inanmır: "Konstitusiyaya görə hər bir vətəndaş mənsub olduğu dinini qanunun yol verdiyi əsasda təbliğ edə və mənsub olduğu dininin ayinlərini icra edə bilər. Həmçinin gülünc çıxır ki, xaricdə təhsil almış hansısa ilahiyyatçı öz yaxın qohumlarının yas mərasimini, həmin mərasimdə icra olunmalı dini ayinləri yerinə yetirə bilməz. Düzdür, xaricdə dini təhsilin mənimsənilməsi və gəlib ölkəmizdə təbliğ olunması təbii ki, nəzarət çərçivəsində olmalıdır.Xaricdə oxuyan istənilən ilahiyyatçı vətənə qayıtdıqdan sonra həmin dövlətin siyasi baxışlarını din adı altında ölkəmizə daşımamalı, sırımamalıdır.
Lakin burada da baş verə biləcək hansısa neqativ hallar zamanı DQİDK və QMİ, həmçinin Təhsil Nazirliyi məsuliyyət daşımalıdır.Çünki xaricdə oxuyan ilahiyyatçılara bu üç qurum tərəfdən tövsiyələr verilməli və bundan sonra işə cəlb edilməlidir.Özbaşına buraxılan xarici tələbələr sonda zirzəmilərdə radikal terrorçu dəstələr istehsılçısına çevrilə bilər.Xaricdə oxuyan ilahiyyatçıların da hansı dini mərkəzlərdə oxuması bizim üçün prioritet olmalıdır.Çünki dünyada elə dini təhsil mərkəzləri var ki, oranı bitirmiş ilahiyyatçı məzunlar bizim ənənəvi dini dünyagörüşümüzü təkzib edir, tarixi şəxsiyyətlərimizi, mütəfəkkirlərimizi, aşağılayır, təkfir edirlər”.
Ümumiyyətlə, son dövrlər dini təbliğatla bağlı məhdudiyyətlər artırılıb. Qadağaların dini zəmində baş verməehtimalı olan gərginliklərə təsirinə gəlincə, müsahibimiz deyib ki, əgər qanunla qadağa və qadağaların tətbiq mexanizmi varsa, onda DQİDK, QMİ, məscidlərdəki dini icmalar, müvafiq QHT-lər və digər ictimai təsisatlar nə üçündür?
"Niyə bu sözügedən təsisatlar bir dəfə radikal təriqət daşıyıcıları ilə bir masa arxasında oturub polemika aparmır, tövsiyələr irəli sürmürlər?Bəlkə, hansısa radikal dindar səhvini anlayacaq, düz yola gələcəkdir?Əgər radikallarla, terrorçularla hüquq-mühafizə orqanları məşğul olacaqlarsa, onda sözügedən bu təsisatlar nə üçündür?
Din həssas mövzudur, əqidədir. Əvvəlcə qəlblərdə, beyinlərdə yuva salır…Odur ki, dini qadağa adında istənilən addım absurddur.Bundan başqa, dini sahədə istənilən qadağa insanları radikallığa, gizliliyə, zirzəmilərə, yad dövlətlərin ölkəmizləəlaqədar yaranmış təşkilatlarına sövq edir.Odur ki, ilk növbədə dini maariflənmə aparılmalıdır. Orta məktəblərdən tutmuş, ali məktəblərə qədər gənclərimiz bütün din və təriqətlər barədə nəzəri-tarixi bilgilərə malik olmalıdır ki, heç bir missioner onları aldada bilməsin”, - deyə V.Hətəmov fikrini tamamlayıb.