Qərb Universitetində beynəlxalq elmi konfrans KEÇİRİLƏCƏK
1-2 iyun 2017-ci il tarixdə Qərb Universitetinin təşkilatçılığı ilə “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək. Konfransda ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Misir, İsrail, Qazaxıstan, Özbəkistan və s. də daxil olmaqla dünyanın 10-dan artıq ölkəsindən nümayəndələr, elmi tədqiqatçılar iştirak edəcəklər. Konfransda islam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqların milli özünüdərk və özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin yaradılması və onların milli dövlət quruculuğu prosesinə təsiri, eləcə də bu münaqişələrin beynəlxalq iqtisadi və mədəni inteqrasiyada əsas təhlükə olması ətrafında mühazirələr olacaq, müzakirələr aparılacaq. Konfransın keçirildiyi müddət ərzində qonaqların iştirakı müxtəlif formatlı tədbirlər, eyni zamanda nüfuzlu xarici tədqiqatçıların Qərb Universitetinin müəllim və tələbələri üçün treyninq və seminarları, birgə diskussiyalar və s. keçiriləcək. Konfrans zəngin mədəni proqramla da müşayiət olunacaq, qonaqlar Azərbaycanın tarixi və mədəni irsini əks etdirən bir çox məkanları ziyarət edəcək, müxtəlif tədbirlərə qatılacaqlar. AzerTaym.az