Xaricdən gətirilən 34 milyon manatlıq inəklərin OZƏLLİYİ NƏDİR?

Related image

Medianın və sosial şəbəkələrin yeni müzakirə mövzularından biri də Azərbaycanın xaricdən cins mal-qaranın alınması ilə bağlı əcnəbi şirkətlərlə 34 milyon manatlıq müqavilə imzalamasıdır.

Təbii ki, hər kəs bu heyvanların özəlliklərini və nə üçün bu qədər qiymətli olması maraq edir.

Rəsmi məlumatda isə deyilir ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti cins mal-qara almaq məqsədi ilə 33 milyon 970 min manat məbləğində iki müqavilə bağlayıb. “Novero İnvest LTD” (Braziliya) şirkəti ilə 6 min baş Simmental cinsindən inək alınması üzrə bağlanan müqavilənin məbləği 29 mln 579,7 min manat təşkil edib.

“Longmar Networks LTD” şirkəti ilə də min baş “Holştin-friz” cinsindən inək alınmasından ötrü 4 mln 390,3 min manatlıq müqavilə bağlanılıb. Hər iki şirkət bu il Bakıda nümayəndəlik açıb.

“Aqrolizinq” ASC eləcə də cins inəkləri “Paşa Sığorta” şirkətində 2 mln 319,5 min manata sığorta etdirib.

Məlumatda bildirilir ki, cins inəklərin alınmasına 2009-cu ildən başlanılıb və 2017-ci ilə kimi “Aqrolizinq” ASC tərəfindən 24 min 495 baş, o cümlədən bu ilin 5 ayi ərzində 1 166 baş mal-qara alınıb.

Bəs görəsən bu heyvanların xaricdən alınmasına nə üçün bu qədər vəsiat sərf olunur? Sözügedən cinslərin yerli cinslərdən fərqi , üstünlükləri nələrdir?

Bu sualla internetdə qısa bir araşdırma apardıq. Məlum oldu ki, bir baş cins inək məhsuldarlığına görə bir neçə yerli inəkdən daha üstündür.

Yuxarıda adı çəkilən “Simmental” cinsindən olan inəklərin vətəni İsveçrədir. Lakin artıq bu cins inəklər Avropa ölkələrinin əksəriyyətinə yayılıb. Rəngləri sarı və qırmızı olan bu heyvanların saxlanması yerli inək cinsləri ilə müqayisədə dəfələrlə qazanclıdır. “Simmental” cinsindən olan inəklər qısa zamanda kökələ bilir və daha çox ət verir. Həm süd, həm də ət istehsalında çox əlverişli cinsdir. “Simmental” cinsi inəklərin dişisinin ağırlığı 600-650, erkəyinin çəkisi isə 750-800 kiloqrama çatır. Bu inək cinsinin nəsil artımı da daha sürətlidir. Bu inəklər bir laktasiya dövründə 4000-4500 litr süd verə bilir. “Simmental” cinsi həm də sağlam, dözümlü və uzunömürlü olması ilə seçilir.

“Holştin-friz” cinsin inəklərin vətəni isə Hollandiyadır. Hazırda Türkiyədə Mərmərə, Ege və Ağdəniz bölgəsində geniş yayılıb. Bu inəklər daha çox süd istehsalı üçün əlverişlidir. Ağ-qara rənglərdə olan “Holştin-friz” cinsi nəhəng inəklərdir və bir laktasiya dövründə 10 min – 12 min litr süd verə bilər. Süddəki yağlılıq isə 3,6 faizə bərabərdir. Lakin bu cins inəklər çox həssas bir bəslənmə tələb edir, xəstəliklərə qarşı çox zəifdirlər. Lakin hər cür iqlimə uyğunlaşa bilirlər.

Bunlardan başqa dünyada ən məhsuldar inək cinslərinə Montofon, Jersey, Hereford, Angus, Şorthorn, Şarole, Limuzin də daxildir. Bu cinslərin məhsuldarlığı həm ət, həm də süd baxımından yerli inək cinslərindən dəfələrlə artıqdır.

Cins mal-qaranın idxalında fermerlər də maraqlıdır. Belə ki, “Aqrolizinq” ASC-yə sifarişlər də elə fermerlərdən daxil olur.

Bu barədə “Yeni Müsavat”a danışan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, cins mal-qara əsasən Almaniya və Avstriyadan gətirilir: “Bəzi xəbərlərdən heyvanların Braziliyadan gətirilməsi qeyd olunub. Lakin bu yanlış məlumatdır. Cins mal-qara yalnız Almaniya və Avstriyadan idxal olunur. “Aqrolizinq” ASC tender elan edib və həmin şirkətlər qalib gəlib. Ola bilər ki, tenderdə iştirak edən şirkət Braziliya şirkəti olsun. Lakin bu heyvanların Braziliyadan gətirildiyini deməyə əsas vermir. Həmin şirkətlərin Azərbaycanda yerli nümayəndələri var ”.

Nazirlik sözçüsü vurğuladı ki, burada söhbət Azərbaycanda heyvanların cins tərkibinin yaxşılaşdırılmasından gedir: “Qeyd etdiyim ölkələrdən əsasən “Holştin-friz” və “Simmental” cinsləri, yəni ətlik –südlük, ətlik və südlük istiqamətində heyvanlar alınır. Bu heyvanlar lizinq yolu ilə fermerlərə, sahibkarlara verilir. Yəni, heyvanın dəyərinin 50 faizini dövlət ödəyir. Yerdə qalan 50 faiz pulun yarısını isə fermer nağd ödəyir. Qalan vəsait isə 3 il müddətinə lizinq yolu ilə ödənilir . Bu ilk dəfə deyil, bir neçə ildir nazirlik heyvanların cins tərkibinin yaxşılaşdırılması ilə bağlı heyvanlar alır. Xaricdən gətirilən cins malların hamısı sığortalanır. Bu heyvanlar nazirliyin mütəxəssisləri tərəfindən seçilir. Onların əksəriyyəti boğaz heyvanlar olur, düyələr olurlar. Biz hər zaman sahibkarlara da müraciət edirik, onların istəkləri nəzərə alınaraq bu heyvanlar gətirilir. Eyni zamanda biz sahibkarları dəvət edirik, onlar özləri də gedib həmin şirkətlərdə heyvanların seçilməsində iştirak edə bilirlər. Heyvanların sağlamlığı, bala vermə qabiliyyəti orada seçildikdən sonra ölkəyə gətirilir”.






Fikirlər