Tanınmış xanımlarımız Zaxarova ilə DEBATA ÇIXARMI…
Aynur Camalqızı: “Bizim jurnalistlər belə Zaxarovanı çox asanca istənilən debatda susdura, haqsız olduğunu sübut da edə bilərlər” Tənzilə Rüstəmxanlı: “Onu da, onun babasını da susduraram” Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarova tez-tez Azərbaycan yönəlik qərəzli, narazılıq doğuran fikirləri ilə gündəmə gəlir. “Erməni sevgisi”ni açıq şəkildə büruzə verən Zaxarova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəf tutduğunu da gizlətmir. Doğrudur, o, Azərbaycan tərəfdən daim öz layiqli cavabını alıb. Amma Azərbaycanın tanınmış qadın simalarının ona cavabı maraq doğurur. Onların bəzilərindən Zaxarova ilə debata hazır olub-olmadıqları, debat olarsa, Zaxarovanı necə susduracaqları ilə bağlı fikirlərini aldıq. “Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camalqızı Zaxarovanı susdurmağın çox asan olduğunu qeyd etdi: “Nəinki qadın siyasətçilərimiz, tanınmışlar, istənilən media orqanında işləyən bizim jurnalistlər belə Zaxarovanı çox asanca istənilən debatda susdura da, haqsız olduğunu sübut da edə bilərlər. Çünki biz haqqın tərəfindəyik. Bizim kimsənin torpağında, dövlətinin suverenliyində, müstəqilliyində gözümüz yoxdur. Biz sadəcə dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə aparırıq, savaşırıq. Zaxarovanın mövqeyində təəccüblü heç nə yoxdur. Biz Qarabağ məsələsində istər ön cəbhədə, istərsə də, informasiya savaşında savaşımızı Rusiya ilə aparırıq. Ermənistan burada sadəcə bir “peşka”dır, Rusiyanın əlində bir vasitədir. Ona görə Zaxarovanın mövqeyində təəccüblü heç nə yoxdur. Rusiyanın Azərbaycana, dövlət müstəqilliyimizə, ərazi bütövlüyümüzə münasibəti dəyişməyib. Zaxarova kimilərinin fikirlərində bunlar öz əksini tapır. Kreml hər zaman Azərbaycan tipli ölkələrə, bizim kimi xalqlara şovinist mövqedən yanaşır. Onlarda “yuxarıdan-aşağı” baxma halı var. Zamanında onların müstəmləkəsi olsaq da, indi müstəqil dövlətik, uğurlu müstəqil siyasət aparırıq. Ruslar bunu sinirə bilmirlər. Azərbaycanın Cənubi Qafqaz regionundakı müstəqil siyasəti onların yuxularını ərşə çəkib. İstəyirlər ki, Azərbaycan da Ermənistan kimi ələbaxan, sözəbaxan olsun, dediklərini dərhal yerinə yetirsin, “qulbeçə” olsun. Bunlar olsaydı heç bu problemlər də olmazdı, Qarabağ problemi də mövcud deyildi. Qarşımızdakı rəqib Ermənistan deyil. Ona görə siyasi səhnədə bizə qarşı haqsız hücumlar da olacaq, Zaxarova kimi danışanlar da az olmayacaq. Onlar ironiyalı çıxışlarını ölkəmizin tanınmış simaları, millət vəkilləri, dövlət rəsmiləri qarşısında etmirlər. Zəif bənd hesab etdikləri jurnalistlərin qarşısında bu cür danışırlar. Bununla da özlərinin nə qədər haqsız, zəif arqumentdə olduqlarını göstərirlər”. Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı: “Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin, nazirinin erməni mövqeyindən çıxış etmələrindən, Ermənistanı müdafiə etmələrindən təəccüblənmirəm. Bu illərdir Rusiyanın dövlət olaraq mövqeyidir. Amma Zaxarovaya verəcəyim sual olar. Axı nə olursa olsun dövlətlərin xarici siyasətində ən azından ədalətli mövqe olur. Azərbaycan Rusiyaya heç bir pislik etməyib, hər hansı bir məsələdə Kremlə qarşı sərt mövqeyi olmayıb. Ermənistan kimi Azərbaycan da Rusiyanın qonşusudur. Ölkəmizdə Rusiyanın çoxsaylı vətəndaşları var, Kreml həm buna, həm də Ermənistanda olan vətəndaşlarının sayına diqqət etsin. Araşdırsalar ovuc boyda rusun Ermənistanda olduğunun şahidi olarlar. Çoxsaylı rus məktəbləri Azərbaycanda var. Başa düşürük, Ermənistan Rusiyanın arxa bağçasıdır, dövlət olsa da Kremlin vilayətidir. Amma Rusiya Amerikanın Orta Doğuda apardığı qanlı siyasətin əleyhinədirsə, o zaman Qafqazdakı siyasətinə baxsın. Rusiya daim ermənilərin yanında olub. Demək ölkəmizə qarşı münasibətdə saxtakar mövqedədir. Bu gün də guya Azərbaycanla yaxşı münasibətdədir. O xanıma deyərdim ki, siz sübut edirsiniz ki, Qarabağın işğalının arxasında Rusiya durur, ona görə ermənilərə arxa çıxırsınız. Haqq kimin tərəfindədirsə, o da qalib gələr. Hər halda Qarabağ, Rusiyanın Ermənistanı müdafiə etməsi, eləcə də, bizim haqlı olduğumuza dair məsələlərdə onu da, onun babasını da susduraram. Təki elə bir şey baş versin”.(musavat.com)