Xətai rayonunda qanunsuz kəsilən ağaclara görə 2700 manat cərimə TƏTBİQ EDİLİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xətai rayonu Qaçaq Nəbi küçəsi 9A ünvanında ağacların qanunsuz kəsilməsi bağlı bir qrup sakin tərəfindən şikayət daxil olub. Şikayət ETSN-in əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AzerTaym.az-a bildirilib ki, araşdırma zamanı yaşayış binasının tikintisi üçün Həmzəyev Vaqif Bilal oğluna 0,4 hektar torpaq sahəsinin ayrıldığı, iki ağacın qanunsuz kəsildiyi və həmin ərazinin hasara alınması nəticəsində yaşköküstə 69 ağacın məhv edilməsi təhlükəsinin olduğu faktı müəyyənləşdirilib.

Bununla bağlı akt tərtib olunub, kəsilən ağaclara görə torpaq istifadəçisinə 2700 manat cərimə tətbiq edilib. Ərazidə mövcud ağacların qorunub mühafizə olunmasının təmin edilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunub.

Faktla bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və hasara alınmış ərazidə mövcud olan ağacların məhv edilməsinin qarşısının alınması məqsədilə Baş Prokurorluğa göndərilib və cinayət işi başlanılıb.

Ərazi nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.






Fikirlər