"Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçün başladığı gün Ermənistanın dinc sakinlərə qarşı həyata keçirdiyi təxribat əvvəlcədən düşünülüb”.
Bu sözləri BakuPost.az-a açıqlamasında millət vəkili Aqil Abbas Füzuli rayonunun Alxanlı kəndində başverənlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ermənilər Cocuq Mərcanlıya köç edən əhalinin gözünü qorxutmağa çalışır: "Əhalinin köçünün başladığı bir gündə belə bir əməlin törədilməsi, əlbəttə ki, düşünülüb. Camaatın gözünü qorxutmağa cəhd edirlər.
Çox adi bir qradla 25 km, bir minaatanla 5 km ərazini vurmaq mümkündür. Erməni səngərləri də Cocuq Mərcanlıya yaxındır. Ona görə bu təxribatlarla insanları çəkindirmək istəyirlər”.
Deputat vurğulayıb ki, Ermənistan hər zaman Azərbaycanın dinc əhalisini hədəfə alır: "Ermənilər heç vaxt sakitləşmirlər. Hər gün oxuyuruq ki, atəşkəsi pozublar. Elə bir səhərimiz yoxdur ki, ermənilərin atəşkəsi pozduğunu eşitməyək, oxumayaq. Hər zaman da dinc sakinləri hədəfə alırlar. Ağdamda nənəmgilin evi var. Həmişə ora gedirəm. Erməniylə səngərdən 500 metr aralıdır. Onlar daş atanda bizim həyətə düşür. O cümlədən də, Füzulinin, Tərtərin, Goranboyun kəndləri. Erməni daş atanda dinc sakinlərin həyətinə düşür. Atəşkəs pozulanda da bəzən ölüm olur, bəzən isə olmur. Aprel döyüşlərində nə qədər dinc sakin öldü… Elə təkcə bizim kənddən 5 nəfər ölmüşdü.
Bu dəfə isə 2 yaşlı uşaq da ölüb. Xəbəri eşidən kimi dərhal Füzuli rayon icra başçısıyla əlaqə saxladım, ətraflı məlumat aldım. Sabah və ya biri gün də hadisə yerinə gedəcəyəm”.