Türkiyəli jurnalistlər Cocuq Mərcanlıya gediblər - FOTOLAR

Milli Məclisin deputatı, Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda olan Türkiyənin bir qrup tanınmış media qurumu və jurnalist təşkilatlarının rəhbərləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldan olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər. 

Modern.az xəbər verir ki, Antalya Jurnalistlər Cəmiyyətinin, Akdəniz Jurnalistlər Federasiyasının (AJF) sədri və Türkiyə Jurnalistlər Konfederasiyası baş direktorunun müavini Mövlud Yeninin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri “Qarabağdan Türk dünyasına könül körpüsü: Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri: jurnalistlərin gözü və sözü ilə...” layihəsi çərçivəsində həyata keçirilib. 
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, deputatlar Qənirə Paşayeva və Astan Şahverdiyev Cocuq Mərcanlı kəndinə gələn nümayəndə heyətinə ermənilərin işğal olunmuş torpaqlarımızda törətdikləri vəhşiliklər, dağıdılan yaşayış məntəqələrinin vəziyyəti barədə ətraflı məlumat verilib. 
Qənirə Paşayeva Türkiyə media nümayəndələrinə  keçən ilin aprel döyüşlərində Azərbaycan ordusunun Lələtəpə yüksəkliyini Ermənistanın işğalından azad etməsi və bu döyüşlərdə Azərbaycan əsgər və zabitlərinin torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıqlardan danışıb. O, bildirib ki, bu döyüşlərdə Azərbaycan ordusunun qələbəsi bir daha dünya ictimaiyyətinə Azərbaycanın haqlı mövqedə olmasını, işğal altında olan digər torpaqlarımızı da azad etmə gücündə olduğunu göstərdi. 
Aprel döyüşlərində torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş əsgər və zabitlərimizin ruhuna dualar oxundu. Qonaqlara həmçinin Azərbaycan Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamına əsasən, ərazidə aparılan minatəmizləmə əməliyyatları və tikinti işləri barədə məlumat verildi. Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bildiriblər ki işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda artıq sürətlə yenidənqurma işləri gedir.  Birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə isə 150 evin və digər infrastrukturun tikintisi və bərpası planlaşdırılır. 
Dağıdılmış yaşayış evlərinin vəziyyəti, eləcə də kənddə gedən yenidənqurma işləri ilə tanış olan qonaqlar daha sonra  24 ildir Cocuq Mərcanlıda atəş altında yaşayan yeganə ailə, Oqtay Həziyevin evinə baş çəkiblər, ailəni Novruz bayramı münasubəti ilə təbrik ediblər.  Ailə üzvləri ilə bayram süfrəsi arxasında  söhbət zamanı  millət vəkili Qənirə Paşayeva Türk dünyasının əziz bayramı olan Novruz bayramını qardaş Türkiyədən, Təbrizdən, Ərdəbildən olan aydınlarla birlikdə məhz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində qeyd edilməsinin gözəl hadisə olduğunu vurğulayıb. O qeyd edbi ki, Türkiyədən gələn jurnalistlərin Cocuq Mərcanlı kəndinin işğaldan azad əvvəlki vəziyyəti  və yenidənqurma işləri ilə tanışlığı Qarabağ həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha çatdırılması ilə bərabər, dünya ictimaiyyətinə çatdırılmasına öz tövhələrini verəcək.  
80 yaşlı Minarə Həziyeva qonaqlara bildiriv ki,  bu bayramı Cocuq Mərcanlıda keçirməsinə görə sevinclərinin həddi-hüdudu yoxdur. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qeyd edib ki, Oqtay Həziyevin ailəsi xalqımızın öz doğma torpağına necə bağlı olduğunu bütün dünyaya göstərib. 
Daha sonra qonaqlar Cocuq Mərcanlıda bayram adət-ənənələrinə uyğun olaraq, Novruz tonqalı qalayıblar. 

 






Fikirlər