Nizami rayonunda Heydər Əliyevlə BAGLI TƏDBİR
13 iyul 2017-ci il tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə “Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət himni səsləndikdən sonra ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı filmin nümayişindən sonra YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov “Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi” mövzusunda çıxış edib. Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Ziyəddin Kazımov, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev 1969-cu il iyulun 14-nün Azərbaycanın yeni tarixində müstəsna özəlliyi olduğunu söyləyərək, həmin gün ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin olunduğunu bildiriblər. Natiqlər Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməlinin qoyulduğunu, respublikanın inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxdığını diqqətə çatdırıblar. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti, dünyamiqyaslı ictimai-siyasi xadim, ulu öndər Heydər Əliyevin bütün həyatını xalqının nicatına həsr etdiyini, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratdığını, dövlət müstəqilliyinin daimi və dönməz olmasını təmin etdiyini söyləyiblər. Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən etibarən bütün sahələri paralel surətdə inkişaf etdirdiyini, iqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində yüksək uğurlar və nəticələr əldə olunduğunu bildiriblər. Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsi ilə respublika həyatında yeni inkişaf mərhələsinin əsası qoyulduğunu qeyd edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova ulu öndərin respublikada siyasi hakimiyyətdə olduğu birinci dövrdə gələcək müstəqil Azərbaycanın iqtisadi, sosial, mənəvi və psixoloji bazasını yaratdığını, həyata keçirdiyi daxili siyasət nəticəsində ölkədə milli özünüdərk, milli özünəqayıdış, milli vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atdığını diqqətə çatdırıb. G.İsrafilova ulu öndər Heydər Əliyevin gələcək müstəqil dövlətin köklü, fundamental əsaslarını hakimiyyətinin ilk dövrlərində yarada bildiyini söyləyərək, 48 il bundan əvvəl başlanan yolun bundan sonra da Azərbaycan üçün aparıcı yol olacağını və bu siyasi kursun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Tədbirin sonunda partiyaya qəbul olunmuş gənclərə üzvlük vəsiqələri, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Məktəbi”nin məzunlarına sertifikatlar və partiyanın rayon təşkilatının ictimai-siyasi həyatında fəallığına görə bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib. AzerTaym.az