Hövsan qəsəbəsində yerləşən "Duzlu göl”ün ətrafındakı obyektlərin sökülməsi məsələsi yenidən gündəmə gəlib.
Gölün ətrafında olan obyektlərin sahiblərinin sözlərinə görə, bu ərazilər bəzi şəxslər tərəfindən özəlləşdirilib. Həmin şəxslər isə obyektlərin sökülməsini tələb edirlər. Nəticədə obyekt sahibləri ilə ərazinin yeni "nümayəndələri” arasında qalmaqal yaşanır.
BakuPost.az xəbər verir ki, musavat.com adıçəkilən ərazidən reportaj hazırlayıb.
Məlumata görə, gölün ətrafında 10-a yaxın obyekt var. Burada hamam, kafelər, vətəndaşlar üçün bir sıra xidmətlər də göstərilir.
Obyektlərdə işləyənlərin əksəriyyəti isə Zəngilan rayonundan olan məcburi köçkünlərdir. Onların sözlərinə görə, gölün ərazisi Neftayırma zavodunun balansındadır və özəlləşdirilməsi mümkünsüzdür. Buna baxmayaraq, özünü gölün sahibi kimi təqdim edən şəxslər, onlardan qeyri-qanuni yolla hər obyekt üçün 2500 manat icarə haqqı tələb edib. Məcburiyyətdən bu məbləğlə razılaşıb 5 il ödəniş etsələr də sonradan qazancları zəif olduğu üçün obyekt sahibləri qoyulan şərtdən imtina ediblər. Bu səbəbdən də həmin şəxslər tərəfindən dəfələrlə hədələrə və təzyiqlərə məruz qalıblar.
Məcburi köçkünlər Duzlu gölün ətrafındakı obyektləri və gölün özəlləşdirilməsinin qanuvericiliyə zidd olduğunu bildirirlər: "Bura SOCAR-ın balansındadır. Yaxınlıqda da şirkətin pansionatı var. 1993-cü ildən həmin ərazi məcburi köçkünlər üçün verilib. Şəraitmiz bərbad gündə olsa da, birtəhər yaşayırıq. O zaman vəziyyətimizi nəzərə alaraq bizə Duzlu gölün ətrafında işləməyə icazə də verdilər. Buraya gələn insanlara xidmət göstərmək üçün öz vəsaitimiz hesabına gölün ətrafında kafe, hamam tikdik. Onu da bildirək ki, hazırda 47 məcburi köçkün ailəsi burada çalışır və yeganə qazanc yerləri də bu obyektlərdəndir. İndi də özünü vəzifəli şəxsin qohumları hesab edən bir neçə nəfər əraziyə gələrək buranı tərk etməyimizi tələb edir. Suraxanı Rayon İcra Hakimiyyəti və polis əməkdaşları da əraziyə gəlib, onların sözünü deyir”.
Zəngilan rayonundan məcburi köçkün, II qrup əlil, prezident təqaüdçüsü Xasay Məmmədov Duzlu göl ərazisinin qeyri-qanuni yolla özəlləşdirildiyini bildirdi: "Məcburi köçkün olduğumuz üçün 1993-cü ildən aylıq icarə haqqı ödəmirdik. 2009-cu ildə isə hər obyekt üçün külli miqdarda vəsait almağa başladılar. Dəfələrlə narazılığımızı bildirdik, çünki elə də güclü qazancımız olmurdu. Zülmlə tikdiyimiz obyektləri traktorla uçurdular. Hətta bir dəfə Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Duzlu gölə gəlmişdi. O, gölə məsul şəxsi yanına çağırıb, tapşırdı ki, məcburi köçkünlərə burada işləməyə şərait yaradılsın. Tapşırdı ki, nə zaman bura tikilərsə, abadlaşarsa, o zaman da ailələrə şərait yaradarsınız ki, eyni qaydada işləsinlər. Çox sağ olsun, onun sayəsində 2004-cü ildən 2010-cu ilədək bizə heç kim dəymədi. İndi yenidən tanımadığımız şəxslər əraziyə gəlib, bizi hədələyirlər. Son beş ildir ki, icarə haqqı verirdik. Bir obyekt sezon əsnasında ümumilikdə 12500 manat vəsait ödəyib. Bu il isə icarə haqqı verməyə imkanımız yoxdur. Elə il olub ki, kimdənsə borc pul alıb, icarə haqqı vermişik. Bizə deyirlər, ya ayda hər obyekt üçün 2500 manat icarə haqqı verməlisiniz, ya da obyektləri sökəcəyik. Axı, buradan nə qədər ailə dolanır. Məcburi köçkün uşaqları Duzlu göldə su, qarğıdalı satıb, ailələrini birtəhər dolandırırlar. Bu ərazi Neftayırma zavodunun balansında olduğu üçün oraya gedib, məsul şəxslərlə də söhbətləşdik. Bildirdilər ki, Duzlu göl ərazisini heç kim özəlləşdirə bilməz və çox güman ki, həmin şəxslər sizə saxta sənəd təqdim ediblər. Bu məsələ ilə bağlı 2010-cu ildə məhkəməyə müraciət etdik. Birinci məhkəmə bizim lehimizə olsa da, ikinci məhkəmədə uduzduq. Biz bir daha cənab Novruz Məmmədovdan xahiş edirik ki, bizə köməklik etsin. Onun adından istifadə edib, bizə təzyiq göstərirlər. Halbuki, bu yerlərdə işləməyi bizə Novruz müəllim tapşırtdırıb”.
Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Barxudat Barxudarovun Duzlu göl ərazisinin özəlləşdirildiyini təsdiqləyib: "Mən bildiyim qədər həmin ərazi özəlləşdirilib. Kimin özəlləşdirdiyini isə dəqiq deyə bilmərəm”.