İki ildən artıqdır ki, Bakı Dəmiryolu Vağzalı təmir-tikinti işlərinə görə hasarlanıb. Lakin tikinti işləri zəif aparılır.
Son günlər isə proses sürətlənib, artıq köhnə obyektlərin söküntüsünə başlanılıb. Vağzalın ərazisində bu obyektlərin yerində yeni, standartlara uyğun mağazalar tikilərək satıcılara təhvil veriləcək. Sökülən obyektlərdə çalışan satıcıların bir qisminə isə müvəqqəti yerlər verilərək, işləmələrinə şərait yaradılacaq.
Bakı Dəmiryolu Vağzalında aparılan söküntü işləri əksər satıcıların ürəyincə olsa da, bəzilərinin narazılığına səbəb olub. Onlar iddia edirlər ki, yeni obyektlər tikildikdən sonra onlara verilməyəcək. Verilsə də, hər kvadratmetrinə görə yüksək icarə haqqı alınacaq.
Dəmiryol Vağzalının ərazisində onlarla obyekt fəaliyyət göstərir ki, onların sökülməsi üçün artıq plan hazırlanıb. Təhlükəsizlik tədbirləri üçün iş aparılan sahə hasarlanıb, söküntü gedən ərazilərə baxış keçirilir. Orada olduğumuz zaman obyektlərin bir neçəsinin artıq bağlandığını gördük. Satıcılar mallarını yığaraq evlərinə aparırlar. Satıcılar köhnə, qəzalı durumda olan mağazaların sökülməsinə razıdırlar, amma bir şərtlə...
Satıcıların sözlərinə görə, 20 ildən çoxdur ki, burada çalışırlar və yeganə qazancları ticarətdən çıxır: “Biz söküntü işlərinin aparılmasına etiraz etmirik. Şəhərimiz gözəlləşir, müasir qaydada mağazalar tikiləcək. Biz də bununla razıyıq. İllərdir ki, Dəmiryol Vağzalı bizə şərait yaradıb, yaxşı da gəlirimiz olub. Ancaq gərək indi də bizi nəzər alsınlar. Dəmiryolu Vağzalının nümayəndələri deyirlər ki, mağazaları boşaldın, biz sizə yenisini tikib verəcəyik. Tikinti işləri nə zamana bitəcək? Biz mallarımızı hara aparacağıq, necə çörəkpulu qazanacağıq? Bu barədə də konkret məlumat almaq istəyirik. Biz inanırıq ki, yeni mağazalar tikilib, satıcılara təhvil veriləcək. Ancaq bizə mallarımızı yerləşdirməyə də yer versinlər”.
Adının çəkilməsini istəməyən satıcı bildirdi ki, əksər obyektlərin ərazisi Dəmiryol Vağzalına məxsus olduğundan indi sahibkarlar buna etiraz edə bilmirlər: “İllər öncə imkanlı şəxslər burada torpaq alıb, obyekt tikib, icarəyə verdilər. Obyektlər Dəmiryol Vağzalının ərazisinə düşdüyü üçün sahibkarlardan alındı. Həm də sahibkarların sənədləri qaydasında deyildi. Onlar da buna etirazlarını bildirmirlər. Çünki, qanunla Dəmiryol Vağzalının ərazisi sayılır. Bu günədək sahibkarlara dəymirdilər. İndi dövlət səviyyəsində tikinti işləri aparıldığından Dəmiryol Vağzalı bu obyektləri sökməli oldu. Hazırda ərazidə sənədləri qaydasında olan 5 özəl obyekt var, onlara toxunmurlar, hər şeyi qaydalar çərçivəsində aparırlar. Söküntü işləri də elə bu səbəbdən gecikir. Deyilənə görə, danışıqlar aparılır, obyekt sahibləri ilə razılaşırlar. Dəmiryol Vağzalının nümayəndələri tərəfindən obyektlərə kifayət qədər vaxt veriblər ki, rahat şəkildə köçsünlər. Heç kimə təzyiq edən və ya tələsdirən yoxdur”.
Satıcılar yeni obyektlər tikildikdən sonra onlara qaytarılacağına inandıqlarını bildirdilər: “İndiki obyektlərin köhnə vəziyyətində icarə haqqı 600-700 manatdır. Düşünürdük ki, yeni, görkəmli obyektləri tikib, bizə baha qiymətə verəcəklər. Ancaq Dəmiryol Vağzalı İdarəsinin nümayəndələri icarə haqlarının dəyişməyəcəyini bildirdilər. Əgər bahalaşsa pal-paltar, bəzək əşyaları satan adamlar yüksək məbləği verə bilməzlər axı... Bizim xahişimiz ondan ibarətdir ki, bizə müvəqqəti yer versinlər, malımızı sataq. Balalarımıza çörəkpulu aparaq”.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovla əlaqə saxladıq və o, məsələyə aydınlıq gətirdi.
N.Əzməmmədov musavat.com-a bildirdi ki, köhnə və səliqəsiz olan obyektlər sökülüb, yerində səliqəli, standartlara uyğun obyektlər tikiləcək: “Həmin ətrafda çalışan obyekt sahibləri ilə bu barədə söhbət aparılıb. Onlara bildirilib ki, yeni standartlara cavab verən obyektlər tikilib, köhnə qiymətlərlə onlara veriləcək. Bir sözlə, Dəmiryol Vağzalında yüksək səviyyədə tikinti-təmir işləri aparılacaq”. /Musavat.com/