NAZİRİN qardaşından iş adamına fironsayağı həqarət - “hƏYƏTİMDƏ QUL KİMİ İŞLƏ”...

Yavər Camalovun qardaşı borc verdiyi sahibkara ailəsi ilə birlikdı qapısında 3 il nökər kimi çalışmağı təklif edib; məhkəmədə ilginc ifadələr üzə çıxır. 


Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Məhkəmə Samir Nəbiyevə son sözü verib və avqustun 11-də ona hökm oxunacağı gözlənilir.


Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov çıxışı edib.


Vəkil musavat.com-a bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham əsasızdır.


C.Yusifov bildirib ki, müdafiə çıxışından Samir Nəbiyev barəsində bəraət hökmünün çıxarılmasını isəyib: “Çıxışımda dedim ki, hörmətli məhkəmə Əlikram Camalovdan çəkinir. Çünki onun qardaşı nazirdir, qudası isə baş prokurorun müavinidir. Biz də başa düşürük ki, bunlar çəkindirici əlamətlərdir. Biz dəfələrlə çalışdıq ki, məsələni razılıqla həll edək. Amma alınmadı, qarşı tərəf razılaşmadı.

Image result for Məhkəmə


Əlikram Camalov özü məhkəməyə gəlib dedi ki, həmin pulu Samir Nəbiyevə borc verib. Amma bu borc deyil, faizdir. İttihamda yazılır ki, guya Samir Nəbiyev Əlikram Camalovu aldadıb və ona aylıq 2 min manat gəlir verəcəyini deyib. Ancaq gəlir heç vaxt dəqiq müəyyənləşdirilə bilməz. Gəliri müəyyənləşdirən bazardır. Kimsə aylıq gəlirinin, qazancının stabil olaraq 2 min manat olacağını deyə bilməz. Bazarı, gəliri müəyyənləşdirən müştəridir, keyfiyyətdir. Ticarətdə gəlir mövsümlə də dəyişir. Belə olan halda bir adam necə müəyyən edə bilər ki, aylıq stabil gəliri olacaq və bundan 2 min manat əlavə qazancını başqasına verəcək?"


Nazir qardaşının ölkədəki ən tanınmış sahibkarlardan olduğunu deyən vəkil əlavə edib ki, müdafiə etdiyi şəxsin onunla şərik olması haqda deyilənlər yalandır: “Əlikram Camalov ölkənin ən böyük sahibkarlarından biridir. Samir Nəbiyev isə acından ölənin biridir. Bunlar necə şərik ola bilər? Sizcə, bu nə qədər inandırıcıdır? Nazir qardaşı, sahibkar gəlib belə bir adamla şərik olar? Biz deyirik ki, bu pul sələmə verilib və həqiqətən də belədir. Amma Əlikram Camalov deyir ki, pulu faizə yox, borca verib.

İndi isə sual olunur ki, borcda hansı ictimai təhlükəli əməl var? Nazir qardaşından borc almaq təqsirləndirilən şəxsin əməlini ictimai təhlükəli əməl edir? Bunun adı nədir? Belə araşdırma olmur və buna görə də adam tutulmur. Ölkə rəhbərliyinin məmurların özbaşınalığı ilə bağlı mütəmadi tədbirləri var. Bilirsiniz ki, prokuror Samirə 10 il cəza istəyib. Himayəsində iki azyaşlı uşağı olan birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi nə deməkdir? Həyat yoldaşı xəstədir. Onun geyimi, həyat tərzi sübut edir ki, bu adam imkansızdır. Əlikram ölkənin ən tanınmış iş adamlarından biridir. Gündəlik lampa satanın nazir qardaşı ilə nə şərikliyi ola bilər?


Əlikram Camalov isə açıq şəkildə deyir ki, Samir ailəsi ilə birlikdə gəlib onun qapısında 3 il kölə kimi işləsin. Bu sözləri şəxsən mənə deyib. İyirmi birinci əsrdə köləlikmi var?".

Image result for Məhkəmə


Vəkil nazir Yavər Camalova da müraciət edib: “Biz məhkəmədən bəraət hökmü çıxarmasını istəyirik. Hakim məhkəmə istintaqının təzələnməsini təmin etmədi. Biz hakimə etiraz etdik ki, onlar Camalovu himayə edirlər. Buradan Yavər Camalova da səslənirik. Kiminsə "sağ ol"unu qazanmaq üçün bir nəfərin şərlənərək həbs edilməsinə göz yumulmasın. Əlikram Camalovun onlarla qurbanı var, biri də bu olacaq".


Vəkilin müdafiə çıxışından sonra söz Samir Nəbiyevə verilib. O, son söz üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi avqustun 11-nə təyin edilib. Samir Nəbiyevə son sözdən sonra hökm oxunacaq.


Bildirək ki, prokuror Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Qeyd edək ki, S.Nəbiyev Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib.


S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.


İttihama görə, S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.


Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.


Bildirək ki, nazir qardaşı Əlikram Camalov “Hacı Camalxan” kəndli fermer təsərrüfatının təsisçisi və sahibidir.






Fikirlər