Nazirin qardaşına külli miqdarda pul “ATIBLAR”

Nazirin qardaşına külli miqdarda pul “atıblar”

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə ilkin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmiş şəxsin məhkəmə prosesinə qatılmadığı məlum olub. 

İttihama görə, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi istəyib. Əvəzində isə qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.

S.Nəbiyev isə vəsaiti mənimsəyərək Camalova pulu qaytarmayıb. O, Nərimanov Rayon Polis İdarəsinə şikayət edib, müraciəti araşdırıldıqdan sonra Nərimanov rayon prokuroru Vüqar Əliyev tərəfindən 12 yanvar 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başladılıb.

Təqsirləndirilən S.Nəbiyev həbs edilməyib, onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

S.Nəbiyev isə ittihamı rədd edib, qarşı tərəfin iddiasını şər, böhtan adlandırıb və bildirib ki, Ə.Camalovla arasında hər hansı pul məsələsi olmayıb və onun heç bir biznesi yoxdur

Qeyd edək ki, Əlikram Camalov "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.






Fikirlər