Yavər Camalovun MİLYONLARI batır... – NAZİRİN BİZNESİ iflasın bir addımlığında!

Yavər Camalovun milyonları batır...

Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun biznesi çökür. Nazirə yaxın qaynaqlardan Qaynar.info-ya daxil olan məlumata görə, xüsusilə qeyri-rəsmi şəkildə nazirə məxsus otel və restoranlar uzun müddətdir müştəri sarıdan korluq çəkir. 

Qaynaqlarımız bildirirlər ki, Y.Camalovun Bakıda, Bakı ətrafında və bölgələrdə çox geniş biznes dairəsi var. «Aksessuar İnşaat» və «Çinar market» mağazaları, «Kral» şadlıq evi və bir neçə iaşə müəssisəsi, Səməd Vurğun küçəsindəki «Olimpik Star» idman kompleksi, «Ambasador» oteli və restoranı, «Niaqara» və “Qızılk Tac” restoranları müdafiə sənayesi nazirinin gerniş biznes şəbəkəsinin çox az bir hissəsidir. 

Belə ki, bundan əlavə, Yavər Camalov şəhərin mərkəzində böyük telefon mağazaları şəbəkəsinə də malikdir. Onun həmçinin “Modern”, “Şafran” kimi otellərin də qeyri-rəsmi sahibi olduğunu bilməyən yoxdur.

Sözügedən nazirin həmçinin Rusiyada vaxtilə aylıq dövriyyəsi bir neçə milyon dollara çatan, hazırda isə ciddi böhran keçirən otellər və restoranlar şəbəkəsi mövcuddur. Bu otel və restoranlar nazirin Bakıdakı eyni təyinatlı obyektlərinin adlarını (“Niaqara”, “Kral”, “Ambassador” və s.) daşıyırlar.

Son vaxtlar Azərbaycanda iqtisadi böhranın dərinləşməsi, manatın kəskin devalvasiyası, ölkəmizin gəlirlərinin ciddi azalması Yavər Camalovun biznesinə mənfi təsir edib. Onun restoranları ayın böyük hissəsini müştərisiz keçirir, otelləri isə boş qalıb. İş o yerə çatıb ki, müdafiə sənayesi nazirinin obyektlərinin bir çoxu aylıq xərclərini belə, ödəyə bilmir. Buna görə də həmin obyektlərdə işçilərin bir hissəsi ixtisar edilib.

Qaynaqlarımız vəziyyət bir az da belə davam edərsə, müdafiə sənayesi nazirinin otel və restoran biznesi iflasa uğrayacağını söyləyirlər.  

Xatırladaq ki, Yavər Camalov 2006-cı ildə müdafiə sənayesi naziri təyin edilib. Həmin vaxtadək isə o, “Azneft” İstehsalat Birliyinin baş direktoru olub.

Məhz nazir təyinatından bir neçə il sonra Y.Camalov ölkənin ciddi oliqarxlarından birinə çevrilib, biznesini inanılmaz dərəcədə böyütməyi bacarıb.  






Fikirlər