Aqil ABBAS: "Öpeyim, AY SƏNIN ANANI, dünya ictimaiyyəti"
İctimai Televiziyada «Xəbərlər» proqramı başlarkən belə bir fikir xüsusilə vurğulanır: «Azərbaycanın 20 faiz torpağı Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, dünya ictimaiyyəti hələ də susur»! Son zamanlar jurnalistlərin məndən açıqlama istədikləri məsələlərdə bir sual həmişə təkrarlanır: «… Bu məsələyə dünya ictimaiyyəti necə baxır?» … Kəndlərimiz Ermənistan Silahlıı Qüvvələri tərəfindən raket, minamyot yağmuruna tutulur, dünya ictimaiyyəti bu məsələyə necə baxır? … Dinc sakinlər qırılır, dünya ictimaiyyəti… … İki yaşlı Zəhra nənəsi ilə birlikdə ermənilər tərəfindən qətlə yetirilir, dünya ictimaiyyəti… … Tovuzda 13 yaşlı uşaq ermənilər tərəfindən vurulur, dünya ictimaiyyəti… Qardaşlar, Kəlbəcərdə Ağdaban yandırılanda… onlarla dinc sakin qətlə yetiriləndə… Qaradağlıda adamları süngüylə doğrayıb quyuya tökəndə… Qarakənddə vertolyotumuzu vurub Azərbaycanın say-seçmə oğullarını qətlə yetirəndə… Xocalıda soyqırım törədiləndə, körpə-körpə balalarımızı doğrayanda, qadınlarımızın əmcəyini kəsəndə… və sair və ilaxır… dünya ictimaiyyəti bu məsələlərə necə baxırdısa, 2 yaşlı Zəhranın ölümünə də elə baxır. Ağdamda iki-üç il bundan əvvəl 9 yaşlı bir uşağı bilirsiniz nəylə vurmuşdular? Snayperlə! Yəni o gülləni atan erməni onun qoyun otaran körpə uşaq olduğunu çox gözəl bilirdi. Səməd Vurğunun təbirincə desək: Səngərdə oturmuş bir yağı, Sınamaq istəmiş öz naqanını Günahsız körpənin tökmüş qanını… İndi həmin 9 yaşlı o balamızı erməni öz snayperini sınamaq üçün qanını tökəndə dünya ictimaiyyəti hara baxırdısa, 2 yaşlı Zəhra da öləndə dünya ictimaiyyəti ora baxırdı. Dünya ictimaiyyəti, yox bir qaşqaldaq… Dünya ictimaiyyəti var? Hər gün Suriyada, İraqda, Fələstində, Somalidə, Nigeriyada, day nə bilim harda yüzlərlə zəhralar qətlə yetirilir, bu qaşqaldaqlar hara baxırdısa, 2 yaşlı Zəhra da qətlə yetiriləndə ora baxırdılar. Suriyanı bombalayan, yüz minlərlə insanı qətlə yetirən dünya «ictimaiyyəti» deyilmi?! İraqı yerlə-yeksan eləyən, bir milyon yarım insanı qanına bələyən dünya «ictimaiyyəti» deyilmi?! Fələstini, Liviyanı, Yəməni, Somalini, nə bilim ey saymaqla qurtarmaq olur ki, demokratiya adı ilə darmadağın eləyən dünya «ictimaiyyəti» deyilmi?! Qardaş Türkiyəni bölmək üçün PKK-nı, PYD-ni, İŞİD-i, KJK, daha nə bilim hansı kərtənkələləri ən müasir silahlarlarla silahlandırıb hər gün terror törədənlər dünya «ictimaiyyəti» deyilmi?! Suriyada terrorçu qüvvələrə minlərlə tır silah-sursat, ağır texnika hədiyyə edib Suriyanı dağıdan, Türkiyəni də təhdid altında saxlayan dünya «ictimaiyyəti» deyilmi?! Ukraynanı dörd yerə bölən dünya «ictimaiyyəti» deyilmi?! Hər gün həm Afrikadan, həm də ərəb ölkələrindən rezin qayıqlarla Avropaya qaçmaq istəyən yüzlərlə bədbəxt dənizdə batır. Bəlkə də o qayıqların çoxunu elə dünya «ictimaiyyəti» vurub batırır, kimdi arayıb-axtaran? O gün Afrikadan İspaniyaya keçmək istəyən bir qayıq ağırlıqdan batmaq təhlükəsi ilə üzləşir, qaçaqmalçılar 84 nəfər uşağı, gənci, qocanı atırlar dənizin ortasına və təbii ki, hamısı da… Türkiyədə terror törədənlər, PKK-çılar, nə bilim hansı kərtənkələlər qaçıb Yunanıstana, Almaniyaya, nə bilim Avropanın başqa ölkələrinə gedirlər və həmin ölkələr də onlara qucaq açır, siyasi sığınacaq verir. Terrorçular nə vaxtdan siyasilər sayılıb?! Dünya ictimaiyyəti… Türkiyədə dövlət çevrilişinə cəhd göstərib 250-dən çox uşaqlı-böyüklü dinc sakini qətl edənlərin, 2500-dən çox insanı yaralayan, şikəst edənlərin həm özlərinin bir çoxu, həm də «imamları» Avropa ölkələrində öz keflərindədirlər. FƏTÖ-nun «baş imamı» Fətullah Gülən oturub Pensilvaniyada huri-qılmanlarla öz kefində. Dünya ictimaiyyəti… Görəsən, Türkiyə Avropada və ya ABŞ-da terror aktı həyata keçirən bircə nəfərə sığınacaq versə, barındırsa dünya «ictimaiyyəti» yenə susarmı? Yox, həmin dəqiqə tumanını keçirər başına, cumar Türkiyənin üstünə. Srağagün də Trabzonda 15 yaşlı Eren Bülbül adlı bir cocuq əsgərlərə PKK terrorçularının yerini nişan verib kömək etdiyinə görə, elə terrorçular tərəfindən qətlə yetirildi. Dünya ictimaiyyəti! Yox bir qaşqaldaq!.. Öpeyim, ay sənin ananı, dünya ictimaiyyəti!..