14 dekabr 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizə yolları” mövzusunda seminar-müşavirə keçirib.
Müşavirədə Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin nümayəndələri, Nizami Rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, Xətai və Binəqədi rayon icra hakimiyyətlərinin əməkdaşları, rayonun idarə və təşkilatlarının, təhsil ocaqlarının rəhbərləri iştirak ediblər.
İlk öncə müşavirə iştirakçıları Rayon İcra Hakimiyyətinin foyesində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, ulu öndərin əziz xatirəsini yad ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filminin nümayişindən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra giriş nitqi ilə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycanda dini radikalizmə qarşı mübarizənin qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu qeyd edib. Dini-radikalizmin din və cihad pərdəsi altında təşkilatlandığını və öz güclərini artırmaq məqsədilə tərəfdarlar toplamaqla təbliğat işlərini daha da intensivləşdirdiklərini söyləyən A.Qasımov aparılan təbliğatın çıxılmaz burulğanına bəzi zəif iradəli, maddi mənafeyi üstün tutan gənclərimizin də düşdüyünü vurğulayıb və əsas məqsədin bu neqativ halların qarşısının alınması üçün birgə fəaliyyət göstərmək, yeniyetmə-gənclərimizi sağlam həyat tərzi mühitində tərbiyə etməkdən ibarət olduğunu diqqətə çatdırıb.
A.Qasımov Nizami rayonunda yeniyetmə-gənclərimizin dini radikalizmdən uzaq durmaları istiqamətində birgə fəaliyyət göstərildiyini, bu məqsədlə 2016-2017-ci illər ərzində Rayon İcra Hakimiyyətinin yerli hüquq-mühafizə orqanları və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsi ilə birgə dini ekstremizm və radikalizmə qarşı mübarizə sahəsində məqsədəmüvafiq tədbirlərin həyata keçirdiyini nəzərə çatdırıb.
A.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsinin humanist və sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisi olduğunu və ölkəmizin müsəlman dünyasının bir parçası olmaqla İslam dünyasında baş verən mənfi proseslərin aradan qaldırılmasında, müsəlman ölkələrinin, xalqlarının sülh, sabitlik şəraitində yaşamasında dövlətimizin və xalqımızın da marağı olduğunu söyləyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışında dini radikalizmi doğuran səbəblərdən, radikalizmlə mübarizədə maarifləndirmə işinin əhəmiyyətindən, dini radikallığa meyillərin qarşısının alınmasında İslam həmrəyliyinin rolundan danışıb.
Natiq dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyini vurğulayıb və dini radikalizmlə mübarizədə əsas hədəfin milli və islami dəyərlərimizin qorunmasına yönəldildiyini qeyd edib. Eyni zamanda, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlət tərəfindən geniş tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
"Şəhadət" sənədli filmi haqqında məlumat verən S.Heydərov filmin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunduğunu, eyni zamanda dini radikalizmin təsiri altına düşmüş və bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edildiyini müşavirə iştirakçılarının nəzərinə çatdırıb.
Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev respublikanın hüquq-mühafizə və digər aidiyyəti dövlət orqanları tərəfindən milli, dini zəmində baş verə biləcək hüquqazidd hərəkətlərin, ekstremist yönümlü təriqətlərin ölkə ərazisində qeyri-qanuni fəaliyyətinin qarşısının alınması istiqamətində birgə tədbirlərin həyata keçirildiyini bildiriblər. Eyni zamanda, vəhhabilik və digər radikal dini təriqət ideyalarının dövlətçiliyimizə və insanlara qarşı yönəldildiyini və buna görə də əhali arasında izahat və maarifləndirmə işlərinin aparılmasının zəruriliyini diqqətə çatdırıblar.
Müşavirədə səslənən çıxışlarda həmçinin gənclərin düzgün istiqamətləndirilməsi, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi və sağlam mənəviyyatlı vətəndaş kimi yetişdirilməsində bütün səylərin birləşdirilməsinin vacibliyi vurğulanmışdır.