Mətbuat ŞURASI Vüqar Rəhimzadənin 50 illiyini QEYD ETDİ
Dekabrın 20-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, BSU-nun dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Vüqar Rəhimzadənin "Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi" monoqrafiyasının təqdimatı və 50 illik yubileyinə həsr olunmuş "Qələmdən süzülən qüdrət" mövzusunda tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı, “Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs Media Qrupu”nun baş redaktoru Bəhruz Quliyev, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, BSU-nun Jurnalistika kafedrasının müdiri Etibar Babayev, Əməkdar jurnalist Şəlalə Həsənova, “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə və BSU-nun müəllim və tələbə heyəti iştirak ediblər. BSU-nun rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva Vüqar Rəhimzadəni 50 illik yubileyi münasibətilə təbrik edərək azad sözün və informasiya təminatının cəmiyyətin bütün təbəqələri üçün aktuallığından söz açıb, yubilyarın monoqrafiyasının məziyyətlərinə diqqəti çəkib. "Gördüyünüz kimi, bu məclisdə ziyalılar, təfəkkür sahibləri, ölkəmizin jurnalistika ordusunun ən görkəmli nümayəndələri iştirak edirlər. Jurnalitika olduqca geniş sahədir. Burada çalışan qələm sahibləri bütün cəmiyyətin fikrini ədalətli, qərəzsiz şəkildə ifadə edirlər. Bu gün təqdim olunan monoqrafiya jurnalistika üçün böyük töhfədir. Biz BSU-nun kollektivi adından Vüqar müəllimi təbrik edirik və ona fəaliyyətində uğurlar arzulayırıq", - deyən N.Əliyeva V.Rəhimzadəyə BSU-nun kollektivi adından xatirə hadiyyəsini və gül dəstəsini, həmçinin təşəkkürnaməni təqdim edib. Əməkdar jurnalist Şəlalə Həsənova Vüqar Rəhimzadənin redaktoru olduğu “İki sahil” qəzetinin Azərbaycan mətbuatının inkişafındakı rolundan danışıb: “Vüqar Rəhimzadə müstəqil Azərbaycanın tarixi salnaməsinin yaradıcılarından biridir. Bu işdə baş redaktoru olduğu “İki sahil” qəzetinin müstəsna rolu var. Biz Vüqar Rəhimzadəni həm də ulu öndər Heydər Əliyevə “Azərbaycan sizin yolunuzu gözləyir” müraciətini imzalayan məşhur “91-lər”dən biri kimi tanıyırıq. “İki sahil” qəzeti 1991-ci ildə, ölkəmiz üçün çətin və ağır dönəmdə yaradıldı. O vaxtlar Vüqar müəllim təzyiqlərə və çətinliklərə baxmayaraq, rəhbərlik etdiyi qəzetin səhifələrində Azərbaycanı düşdüyü ağır durumdan çıxara biləcək yeganə şəxsin məhz Heydər Əliyev olduğunu xüsusi vurğulayırdı. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının ikinci ildönümü münasibətilə keçirilmiş Ümumrespublika Müşavirəsində ulu öndər Heydər Əliyev həqiqətələrin təbliğində “İki sahil” qəzetinin rolunu olduqca yüksək qiymətləndirmişdir. O vaxtdan “İki sahil” qəzeti öz nüfuzunu qoruyub saxlayır, jurnalistikanın dəqiqlik, obyektivlik, qərəzsizlik kimi təməl prinsiplərinə sadiqliyini nümayiş etdirir”. Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan mətbuatının ən incə məqamlarından bəhs edən monoqrafiyanın qiymətli əsər olduğunu söyləyib: "50 illik yubiley həm də bir hesabatdır. Vüqar müəllim bu gün bizlərə fundamental əsaslı, olduqca önəmli kitab təqdim edir. Düşünürəm ki, bu nəşr söz və mətbuat azadlığına, eləcə də demokratiyanın inkişafına xidmət edən fundamental əsərdir. Söz və mətbuat azadlığı dedikdə, bu, yalnız media sahəsində deyil, eləcə də, cəmiyyətdə azad təfəkkür deməkdir. Azadlıq, ümumiyyətlə, ruhun substansiyasıdır. İnsan övladı yarandığı gündən azadlığa meylli olub. Bu, fərdi hadisə deyil, cəmiyyətin məhsuludur. Monoqrafiyaya rəy yazan biri kimi, bu əsəri diqqətlə oxumuşam. Düşünürəm ki, monoqrafiya informasiyalı cəmiyyət quruculuğuna dəstək baxımından da faydalıdır". Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu bildirib ki, Vüqar Rəhimzadənin təkcə “İki sahil” qəzetindəki fəaliyyətini xatırlatmaq kifayətdir ki, onun Azərbaycan jurnalistikasının inkişafı üçün gördüyü işlər göz önündə canlansın: “Gənc yaşlarından mətbuatda olan Vüqar müəllim cəsarətli yazılarla çıxış edirdi. Bu gün də rəhbəri olduğu “İki sahil” qəzeti eyni missiyanı yerinə yetirir. Azərbyacan jurnalistikasının təməl prinsiplərinə söykənərək həm mətbuatın, həm də azad sözün və demokratiyanın inkişafına xidmət edir. Düşünürəm ki, bu monoqrafiya xüsusilə gənc jurnalistlər üçün əsl qaynaq olacaq. Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli Vüqar Rəhimzadəyə 50 illik yubileyi və təqdimatı keçirilən monoqrafiyanın işıq üzü görməsi münasibətilə təbriklərini çatdıraraq bunları deyib: "Bu kitabda xeyli sayda mənbələrdən istifadə edilib. Bu qədər mənbəyə əsaslanan bir monoqrafiyanı qələmə alıb dərc etmək elə də asan başa gəlməyib. Amma mündərəcatdan görünür ki, monoqrafiya önəmli məsələlərin həllini ortaya qoyur, Qərb mətbuatı ilə müqayisəli təhlillər aparılır. Ümid edirəm ki, bu nəşr sistemli şəkildə mətbuata öz töhfəsini verəcək" "Səs Media Qrupu”nun baş redaktoru Bəhruz Quliyev çıxışında V.Rəhimzadəni peşə prinsiplərinə sadiq istedadlı həmkar, Yeni Azərbaycan Partiyasının siyasi və ideoloji kursunun yeridilməsində fəal ictimai xadim kimi xarakterizə edib. Yubilyarın elmi fəaliyyətinin məziyyətlərindən danışan B.Quliyev "Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi" monoqrafiyasının istər dərs vəsaiti, istərsə də bu sahənin araşdırılmasındakı mənbə olaraq dəyərindən söz açıb. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, “İki sahil” qəzeti 1991-ci ildən bu günə qədər aktiv fəailiyyətini davam etdirir. "Vüqar müəllim ömrünü jurnalistikaya, elmə həsr edən şəxslərdən biridir. Bu elmi əsər də onun parlaq yaradıcılığının bariz nümunəsidir. Bu gün "İki sahil" qəzetinin kollektivinin nümayəndələri də buradadır. Arzu edirəm ki, gələn təqdimatda "İki sahil" televiziyası iştirak etsin. 50 yaş hələ qocalıq hesab olunmur. Həyat hələ bundan sonra başlayır", - deyə o vurğulayıb. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Vüqar Rəhimzadəni dəyərli elmi tədqiqatı münasibətilə təbrik edib: "Vüqar Rəhimzadə mətbuatda dəyərli insanlardan, gənclərə dəstək olan qələm sahiblərindən biridir. Ölkədə azad söz, azad mətbuat, jurnalistikanın təbliğatçılarındandır. Biz əks cəbhələrdə dayanmışıq. Ancaq dövlət naminə bir araya gəlməyi bacarmışıq. Dəfələrlə əks mövqelərdə qarşı-qarşıya gələndə Vüqar müəllimin yüksək intellektinin və nitq mədəniyyətinin, opponentinə göstərdiyi hörmətin şahidi olmuşam. 50 illik yubileyini qeyd edən həmkarımıza yeni yaradıcılıq uğurları arzulayıram". “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə özünün hələ məktəbli olduğu illərdə “İki sahil” qəzeti ilə əməkdaşlıq etdiyini xatırladıb. V.Rəhimzadəni hər zaman gənclərə dəstək olduğunu vurğulayıb. O, eyni zamanda bildirib ki, V.Rəhimzadə gərgin əməyi və zəhməti hesabına jurnalistikada yüksək pilləyə çatıb. Həyatının 50 ili ərzində qazandıqları məhz bu zəhmət və əməyin mükafatıdır. Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Vüqar Rəhimzadəni təbrik edərək, yubilyarın medianın inkişafına verdiyi töhfələrdən danışıb. O bildirib ki, Vüqar Rəhimzadə Mətbuat Şurası yaranandan bu qurumun üzvüdür. Şuranın işinin ağırlığı onun üzərinə düşür. İstər şikayətlərin araşdırılmasında, istərsə də qurumun müxtəlif tədbirlərində yaxından iştirakı ilə fərqlənir. “Jurnalistika elə bir sahədir ki, onu başqa heç bir peşə ilə müayisə etmək mümkün deyil. Bir insanın aldığı informasiya onun həyatında əhəmiyyətli rol oynayır. Təsəvvür edin, bir gün internet, televiziya, mətbuat orqanları olmasa, cəmiyyətin həyatında hansı dəyişikliklər baş verər. Jurnalistika Azərbaycanın daxili inkişafında olduqca mühüm rol oynayır. Vüqar Rəhimzadə monoqrafiyasında bu iki məqamı ustalıqla birləşdirə bilib. Düşünürəm ki, uzun illər bu sahədə təcrübəsi olan bir insanın ərsəyə gətirdiyi monoqrafiya Azərbaycan mediası üçün son dərəcə vacib və faydalıdır. Onu da deməliyəm ki, yubilyar əsl jurnalist olmaqla yanaşı qayğıkeş və səmimi dostdur, gözəl ailə başçısıdır", - deyən Ə.Amaşov medianın inkişafındakı xidmətlərinə və 50 illik yubileyinə görə V.Rəhimzadəni rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib. Sonda çıxış edən V.Rəhimzadə yaradıcılığına verilən dəyərə və xoş sözlərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.