“Prokurorluğun verdiyi məlumata görə, istintaq hərəkəti davam edir. Mən Vüsal Ələkbərovun məhkəmə prosesində müşahidəçi kimi iştirak etmişəm. Bu işdə söhbət mütəşəkkil cinayətkar dəstədən gedir. Həmin işdə Mövlan Şıxəliyevin, Eldar Mahmudovun və s.-nin adı çəkilir.
V.Ələkbərovun məhkəmə prosesinin apellyasiya hissəsi başa çatmaq üzrədir. V.Ələkbərovun işində adı çəkilən şəxslərlə bağlı istintaq işi deyilənə görə gedir. Maraqlıdır, görəsən bu iş sadəcə Vüsalla yekunlaşacaq?
V.Ələkbərov məhkəmə prosesində bildirdi ki, söhbət mütəşəkkil dəstədən gedirsə, onun bir üzvü mən, bəs qalanları hanı? Niyə onlar mənimlə birlikdə müttəhimlər kürsüsündə əyləşmir?
Digər tərəfdən Vüsal özünü təqsirsiz sayır və hesab edir ki, ona bəraət verilməlidir. Mən onun vəkili deyiləm və onun hüquqlarını müdafiə etmirəm. Amma söhbət onunla bağlı cinayət işindən və onun materiallarından gedir. Məhkəmə hökmündə də göstərilir ki, V.Ələkbərov mütəşəkkil cinayətkar dəstənin tərkibində fəaliyyət göstərib. Bəs o dəstənin üzvləri hanı?
Təbii, cinayət işlərini ayırmaq olar. Ancaq bir hüquqşünas kimi düşünürəm ki, V.Ələkbərovun işində buna ehtiyac yox idi. Bu dəstənin əgər 10 üzvü varsa, bunların 3-ü Vüsalla birlikdə məhkəmə qarşısına çıxartmaq olardı. Əgər iş yalnız Vüsalla yekunlaşacaqsa, o zaman hansı dəstədən söhbət gedir? Bir nəfər dəstə deyil. Dəstə olmaq üçün iki və daha çox adam olmalıdır.
Bu baxımdan araşdırmalara ehtiyac var.
Növbəti ildə A.Çovdarovla bağlı işlərin kassasiya hissəsi də yəqin ki, başa çatacaq. Lakin hələ də ortada bəzi suallar var. Məsələn, bu qədər generalın həbs olunması müqabilində nazirin məsuliyyətdən kənarda qalması məntiqə sığan bir şey deyil. Heç olmasa nazirin əməlində səhlənkarlıq cinayətinin elementi var. Bu hadisələrin hamısı onun rəhbərliyi dövründə baş verib.
“MTN işi” ilə bağlı suallar çoxdur və ümid edək ki, 2018-ci ildə bu suallara aydınlıq gətiriləcək”.