Dünəndən etibarən Vergilər Nazirliyinin bir qrup əməkdaşı geniş yoxlamalara başlayıb. İlkin məlumata görə, xeyli qanun pozuntusu aşkarlanıb, külli miqdarda vergidən yayınma hallarının olduğu qeydə alınıb. Yoxlamaların nə zaman bitəcəyi bilinmir.
Qeyd edək ki, ötən ilin sonunda klinikada bir-birinin ardınca iki ölüm faktı qeydə alınıb. Noyabr ayının 30-da 20 yaşlı Ayşən Mirzəyeva "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb. O, dekabr ayının 5-də vəfat edib.
Bir qədər sonra isə 1962-ci il təvəllüdlü Nurağa Hüseynağa oğlu Qasımov əməliyyat olunarkən dünyasını dəyişib.
Məlumata əsasən, N.Qasımovun ürəyində aorta damarının şuntlama əməliyyatı keçirilirmiş. Lakin əməliyyat zamanı onun səhhəti pisləşib və dünyasını dəyişib.