BTQ-yə maraq getdikcə artır: PLANDA nələr var?
Ekspert: “BTQ dəmir yolunun Təbrizə qədər uzadılması, praktik olaraq Azərbaycan və Gürcüstan üzərindən İranla Türkiyə arasında dairəvi dəmir yolunun yaranması demək olacaq”. Davos Dünya İqtisadi Forumunda “Avrasiya – Strateji baxış” paneli zamanı moderatorun sualına cavab verən Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili bildirib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi Gürcüstanın nəqliyyat xəritəsini dəyişdirib. Baş nazir qeyd edib ki, reallaşdırılan beynəlxalq layihələr və Gürcüstanın coğrafi mövqeyi ölkədə iqtisadi fəaliyyətin əsasını təşkil edir: “BTQ Gürcüstanı Çin, Qazaxıstan, Azərbaycan, Türkiyə və Avropa ilə birləşdirdi. Çindən gələn qatar Gürcüstana doqquz günə çata bilər. Bu təkcə bizim ölkə üçün yox, layihə iştirakçısı olan bütün ölkələr üçün böyük nailiyyətdir”. Bakı-Tibilisi-Qars dəmir yolu xətti oktyabrın 30-da işə salınıb. Bakı-Tbilisi-Qars layihəsi Türkiyənin Marmaray layihəsi ilə birlikdə Avropanı Asiya ilə birləşdirən dəmiryolu dəhlizini əmələ gətirəcək. Bu, regionda ən böyük nəqliyyat layihələrindən biridir. Bakı-Tbilisi-qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə dövlətləri arasında olan saziş əsasında qurulub. BTQ dəhlizi üzrə yük daşımalarının maksimum həcmi ildə 17 milyon ton səviyyəsində proqnozlaşdırılır. İlkin mərhələdə bu göstərici 6,5 milyon ton yük olacaq, eləcə də bir milyona qədər sərnişin daşınacaq. Ötən ilin dekabrın 5-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus olan vaqonlardan ibarət olan ilk yük qatarı BTQ ilə yola salınıb. Bu il isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Azərbaycan ərazisindən də keçməklə Avropaya yüklərin daşınmasına başlanılıb. Mühəndis avadanlığı və digər mallarla yüklənən ilk qatar yanvarın 19-da Urumçi şəhərindən yola salınıb. “Şərq-Qərb” Nəqliyyat Dəhlizi ilə Avropaya yük daşımalı olan qatar Qazaxıstan limanında dayanacaq. Daha sonra yüklər dəniz yolu ilə Bakıya, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya çatdırılacaq. Ekspertlər hesab edir ki, bu dəmiryolu üzərində yerləşən və bu layihəyə qoşulmuş bütün tərəflər üçün daha çox test-kəşfiyyat xarakteri daşıyır. Bu dəmiryolu xətti ilə sərnişin daşıması da nəzərdə tutulub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ötən il dəmiryolu işçilərinin peşə bayramı günü münasibətilə keçirilən tədbir zamanı jurnalistlərə açıqlamasında bildirmişdi ki, sərnişindaşımanın hərəkəti gələn il (bu il) baş tutacaq. Sədr qeyd etmişdi ki, bunun üçün 30 ədəd vaqon sifariş edilib. “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu şərqdən qərb istiqamətində daşınan yüklərin mənzil başına daha tez çatdırılması sahəsində ciddi bir dönüşün baş verməsi deməkdir: “Dəmir yolu istifadə olunmağa başladıqdan sonra region dövlətlərinin ona marağı daha da artıb. Bu yaxınlarda İran tərəfinin BTQ dəmir yolunu Təbriz şəhərinə qədər uzatmaqla bağlı təklifi də dediyimiz maraqlar sırasında olan bir məsələdir. İran tərəfin Türkiyə ilə imzaladığı memoranduma uyğun olaraq yaxın gələcəkdə dəmir yolunun Təbrizə qədər uzadılması baş verəcəkdir ki, bu da BTQ dəmir yolunun region üçün əhəmiyyətinin bir qədər də artması demək olacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu şəkildə genişləndirilməsi onu həm yük və həm də sərnişin daşıması üçün daha əhəmiyyətli edəcək. Layihənin müəllifi kimi bu təklif Azərbaycan üçün Gürcüstan, İran və Türkiyədən heç də az maraqlı deyil. BTQ dəmir yolunun Təbrizə qədər uzadılması, praktik olaraq Azərbaycan və Gürcüstan üzərindən İranla Türkiyə arasında dairəvi dəmir yolunun yaranması demək olacaq. Belə olan halda, bütün dairəvi yollar kimi, bu yolun da əhəmiyyəti daha da artacaq və ondan istifadənin səmərəliliyi yüksələcək”. “Yeni Müsavat”
Bu layihə reallaşdırılandan sonra yüklər Londondan maneəsiz şəkildə Pekinə göndərilə biləcək. Aktau və Türkmənbaşı limanları vasitəsilə yükləri Çinə, Hindistana, Pakistana, Əfqanıstana çatdırmaq mümkün olacaq.