Bu MODELlər TƏLƏBƏLƏRDƏ PRAKTİK DÜŞÜNMƏ QABİLİYYƏTİ yaradır (Reportaj)
Hazırda universitetlərdə qış semestr imtahanları sona yaxınlaşır. Bu imtahan sessiyası Qərbi kaspi Universiteti üçün fərqli imtahan modellərinin tətbiqi ilə yadda qalır. AzerTaym.az
Bu universitetdə mövcud imtahan formaları ilə yanaşı (test üsulu, şifahi imtahan, baxış imtahanı, açıq suallar), yeni imtahan modelləri- "Açıq kitab”, "Təqdimat”, "Keys həlli” kimi beynəlxalq akademik səviyyədə tətbiq olunan üsullar tətbiq olunmağa başlanılıb.
Bu üsullar tələbələrə yalnız nəzəri deyil, praktik biliklərin də mənimsəməyə imkan verir, tələbələrin səthi biliklərdən, əzbərçilikdən uzaqlaşaraq, düşünmək və təhlil aparmaq qabiliyyətini üzə çıxarır və inkişaf etdirir.
Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hazırda bu imtahan modelləri bəzi ixtisas və qruplarda pilot layihə kimi sınaqdan çıxarılır. Özünü doğruldacağı təqdirdə növbəti semestrlərdə bu imtahan modellərinin bütün qruplar üzrə tətbiqi nəzərdə tutulur.
Yeni imtanan modelləri nədir?
Yeni imtanan modellərindən biri - "Açıq kitab” üsulunda tələbələr imtahan keçirilən müddətdə istənilən sayda kitab, mühazirə və əlavə dərs materiallarından istifadə edə bilər. Bununla belə suallar elə hazırlanır ki, birbaşa cavabı bu materiallarda tapmaq mümkün olmur. Kitabda hər hansı tarix, ad və s. kimi məlumatlara baxıla bilər, lakin sual hər hansı prosesin səbəbini, tələbənin gələcək mütəxəssis kimi qoyulan situasiyaya münasibətini tələb edir.
"Keys həlli” üsulu isə tələbələrin gələcək iş həyatlarında qarşılaşacaqları real problemlər əsasında qurulan keys məsələlərinin həlli ilə bağlıdır. Bu zaman tələbə vəziyyətin ümumi təsvirini təhlil edir, çatışmazlıqları və onların yaranma mənbələrini tapır, ən əsası isə problemin aradan qaldırılması üçün təkliflər hazırlayır.
Məlumat üçün onu da bildirək ki, Qərbi Kaspi Universitetində hər hansı bir fənn üzrə imtahandan müvəffəq nəticə göstərməmiş tələbələr üçün tamamilə ödənişsiz əsaslarla intensiv kurslar və konsultasiya saatları təşkil edir, eyni zamanda iki dəfə təkrar imtahan vermək şansı yaradır.
“İmtahanların şəffaf, yüksək standartlara uyğun təşkil olunduğunu gördük”
“Qərbi Kaspi Universiteti çox gözəl bir təşəbbüslə çıxış edərək, vətəndaş cəmiyyəti nümayəndələrini imtahanların gedişini izləmək üçün dəvət etmişdi. Alqışalayiq addımdır. İmtahanların şəffaf, yüksək standartlara uyğun təşkil olunduğunu gördük”. Bu sözləri Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.
Ə.Nuriyev qeyd edir ki, bütün ali təhsil ocaqları imtahanların təşkilini ictimaiyyət üçün açıq elan etməlidir: “Əvvəllər Qərb Universiteti kimi tanıdığımız Qərbi Kaspi Universitetində son dönəmlərdə də ciddi işlərin aparıldığını eşidirik.
Bu gün özümüz şahidi olduq. Universitet imtahanlarında təşkilində qabaqcıl təcrübəni tətbiq edir, 5 fərqli modellə imtahan prosesini təşkil edir.
Ciddi infrastruktur layihələri, maddi-texniki bazanın möhkəmləndirilməsi işləri görülür. Əlbəttə, bütün bunlar sevindiricidir. Təhsil müəssisələrinin güclənməsi ümumilikdə ölkə təhsilinin inkişafına xidmət edir”.
“Burada ən müasir standartlara cavab verən laboratoriya və mərkəzlər qurulub”
“90-cı illərdən etibarən yaxşı ənənələri olan Qərbi Kaspi Universiteti (əvvəlki Qərb Universiteti – red.) bu gün də innovativ təşəbbüslərlə, təhsilin keyfiyyətinin artırılmasına yönəlmiş tədbir və layihələri ilə diqqət çəkir. Bu gün universitetdə imtahanların gedişini izlədik. Təhsil ocaqlarının imtahanların gedişini ictimaiyyət üçün açması şəffaflığın ifadəsidir və bütün universitetlər bu təcrübəni tətbiq etməlidir”.
Bu sözləri isə Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.
Universitetdə xüsusilə son dövrlərdə görülən işlərlə tanış olan O.Gündüz bildirib ki, bütün bu tədbirlər nəticədə ölkə təhsilinin inkişafına töhvə verir:
“Qərbi Kaspi Universitetində Yüksək Texnologiyalar Məktəbi yaradılıb. Ən müasir standartlara cavab verən laboratoriya və mərkəzlər qurulub. Hazırda yüksək standartlarda Texnopark yaradılır. Bir sözlə, peşəkar mühəndislərin hazırlanması üçün hər cür şərait var. Eləcə də İT sahəsi üzrə mütəxəssislərin. Bütün bunlar ümumilikdə ölkəmizin təhsili, iqtisadiyyatı üçün faydalıdır”.
“Gələcək iş həyatında da məhz bu keyfiyyətlər ona lazım olacaq”
Universitetdə imtahanların gedişini izləmək məqsədi ilə təşkil olunan mediturdan sonra AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbuhi Qəhrəmanov “Ekspress.az”ın əməkdaşına açıqlamasında bunları deyib:
“Qiymətləndirmənin şəffaflığı, obyektivliyi təhsilin keyfiyyətini şərtləndirən başlıca amillərdən biridir. Bu gün imtahanların gedişini izlədik. Universitetlərin imtahanların təşkili ilə bağlı bu cür mediaturlar təşkil etməsi təqdirəlayiqdir və yalnız təhsilin inkişafına fayda verə bilər”.
S.Qəhrəmanov imtahanların yüksək standartlara uyğun təşkil olunduğunu vurğulayaraq bildirib ki, fərqli imtahan modellərinin tətbiqi yaxşı təcrübədir:“Məsələn, bizə “Keys həlli” modeli barədə məlumat verildi. Bu model tələbəni əzbərçilikdən xilas edir, onda məntiqi düşünmə və təhliletmə, problemi həlletmə bacarığı formalaşdırır. Gələcək iş həyatında da məhz bu keyfiyyətlər ona lazım olacaq.