Transxəzər Beynəlxalq Şərq-Qərb TİCARƏT və NƏQLİYYAT DƏHLİZİNİN rolu Pekində müzakirə olunub
Çin Xalq Respublikasının paytaxtında “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycanın təşəbbüsü, Türkiyə, Qazaxıstan və Gürcüstanın Pekindəki səfirliklərinin təşkilatçılığı, Çinin Kommersiya Nazirliyinin dəstəyi ilə keçirilən konfrans Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin təşviqi məqsədi daşıyıb. Konfransın açılışında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Çin kommersiya nazirinin müavini Van Şouven, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin, Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Roman Sklyar, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili, çıxış ediblər. Sonra Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinə dair film nümayiş olunub, panel iclasları keçirilib. İclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edib. C. Qurbanov çıxışında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu barədə geniş məlumat verib. Orta dəhlizin Çin kimi nəhəng iqtisadiyyata malik olan ölkə və dünyanın ən böyük bazarından biri olan Avropa üçün əhəmiyyətli bir marşrut olduğunu diqqətə çatdırıb. Orta dəhlizin marşrutların diversifikasiya imkanlarını genişləndirdiyini və Avropanın prioritet hesab etdiyi dəhlizlərdən biri olduğunu qeyd edib. Bu dəhlizin daha da inkişaf etdirilməsi istiqamətində iştirakçı ölkələrdə dövlət tərəfindən ardıcıl tədbirlər görüldüyünü, hazırda Orta koridora daxil olan ölkələrdə dəmir yolu infrastrukturunun yeniləndyini, dəniz limanları və gəmiçilik şirkətlərinin inkişaf etdirildyini, Azərbaycan və Qazaxıstanın Xəzər dənizində yeni limanlar tikərək istifadəyə verdiyini, habelə marşrutda azaq ticarət zonaları və hablar yaradıldığını vurğulayıb. Orta dəhlizin rəqabət qabiliyyətinin artırılması istiqamətində ən mühüm nailiyyətlərdən biri kimi yenicə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin olduğunu diqqətə çatdırıb. “Bakı-Tbilisi-Qars dəmir yolu, təkcə Azərbaycan, Gürcüstan və Türkiyə arasında deyil, Avrasiya regionunda əməkdaşlığın və ticarətin inkişafına töhvə verməklə, Avropa ilə Asiya arasında yükdaşımaların həcminin artmasına şərait yaradacaq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta dəhlizin tərkib hissəsi olmaqla, Çinlə Avropa arasında ən qısa marşrutdur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta dəhlizlə yükdaşımaların qiymətini aşağı salmaqla yanaşı, yüklərin çatdırılma müddətini xeyli azaldır” deyə, - Cavid Qurbanov bildirib. Konfrans çərçivəsində Çin Dəmir Yolları Körpüləri İnşaati Korporasiyası ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında Memorandum imzalanıb. Cavid Qurbanov azərbaycanlı sahibkarlarla da görüşüb. Görüşdə dəmir yolları sahəsində daşımaçılıqla bağlı məsələlər müzakirə olunub. AzerTaym.az